Amerikanın otuza yaxın yüksək səviyyəli qanunvericisindən ibarət ikipartiyalı qrup Bayden administrasiyasını COP29 öncəsi məşhur alim və antikorrupsiya eksperti Qubad İbadoğlunun ev dustaqlığından azad edilməsini və onun müalicə üçün Azərbaycanı tərk etməsinə icazə verilməsini tələb etməyə çağırıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Turan-a təqdim edilən məktubda 33 yüksək səviyyəli senator və konqresmen dövlət katibi Entoni Blinkendən və prezidentin iqlim məsələləri üzrə baş müşaviri Con Podestadan Azərbaycan hökumətini BMT-nin illik iqlim konfransından əvvəl doktor İbadoğlunu azad etməyə təşviq etmək üçün onlarla birbaşa qarşılıqlı əlaqələri davam etdirməyi tələb edib.
"Beynəlxalq diqqət ölkənin üzərində cəmləşəcək, çünki minlərlə vətəndaş cəmiyyəti və hökumət fəalı bu ölkədədir. Biz bu fürsətdən istifadə etməyə çağırırıq, çünki doktor İbadoğlunun humanitar əsaslarla azad edilməsi, ona qarşı hərəkət məhdudiyyətlərinin aradan aldırılması və ona qarşı bütün ittihamların ləğv edilməsi Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə uyğun olaraq müsbət addım olardı.
"Bundan başqa, sizdən Azərbaycan hakimiyyətini doktor İbadoğlunun başqa ölkəyə getməsi mümkünlüyünü nəzərdən keçirməyə çağırmağı və bu variantı avropalı həmkarlarınız, xüsusən İsveç, Almaniya və Böyük Britaniya ilə müzakirə etməyi xahiş edirik. Bu ölkələrin istənilən biri doktor İbadoğluna indiyədək Azərbaycanda ala bilmədiyi tibbi rəyi verə və onun təhlükəsiz şəkildə ailəsinə qovuşmasına imkan yarada bilər", deyə qanunvericilər qeyd edirlər.
O, Azərbaycanda həbs edilib və valyuta saxtalaşdırmaqda, ekstremist dini materiallar saxlamaqda ittiham olunub. Bu ittihamlar çoxsaylı beynəlxalq institut və hüquq müdafiə təşkilatları tərəfindən saxta və siyasi motivli ittiham kimi qətiyyətlə tənqid edilib. Doktor İbadoğlu ev dustaqlığına buraxılmazdan əvvəl 9 ay istintaq təcridxanasında keçirib və hələ də ev dustaqlığındadır.
Həbsdə saxlanıldığı müddətdə onun xroniki xəstəlikləri pisləşib, çünki ona adekvat tibbi yardım göstərilməyib. Onun işi üzrə məhkəmə prosesi hələ başlamasa da və hazırda dayandırılsa da, onun səfərlərinə qadağa qoyulub. Təqsirli hesab olunacağı təqdirdə onu 17 ilədək həbs cəzası gözləyir, deyə məktubda qeyd edilir.
"Sizi israrla COP29 - fürsətlər pəncərəsi açdığını hesab etdiyimiz məqam ərəfəsində doktor İbradoğlunun işinə birinci dərəcəli diqqət yetirməyə çağırırıq", deyə qanunvericilər qeyd edirlər.