AZ

Vətən müharibəsi milli birliyin açıq təzahürüdür - RƏY

90-cı illərin əvvəllərində xalqımızın düşmüş olduğu ağır sınaqlardan, parçalanmaq və yox olmaq təhlükəsindən məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti sayəsində xilas oldu. Bununla da gənc, müstəqil Azərbaycan dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Yenidən müstəqillik qazandığı zaman naşı, səriştəsi olmayan şəxslərin hakimiyyəti zəbt etməsi nəticəsində Azərbaycan böyük çətinliklərlə, məşəqqətlərlə üzləşmişdi.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub. Nəticədə bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Bu illər ərzində isə Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib, ölkəmizə milyardlarla dollar həcmində maddi ziyan vurub”.

Millət vəkili qeyd edib ki, Azərbaycan ərazilərinin 20 faizini qanunsuz olaraq öz nəzarətində saxlayan Ermənistan təxribatlardan da əl çəkmirdi. İşğalçı ölkə hərbiçilərimizin, mülki vətəndaşlarımızın həlak olması ilə nəticələnən təxribatlar törədirdi. 2020-ci ilin 27-i sentyabr tarixində baş verən növbəti erməni təxribatı qarşı tərəfin məkirli planlarının təzahürü idi. Sözsüz ki, hər zaman olduğu kimi bu dəfə də düşmənə sarsıdıcı zərbə vuruldu, layiqli cavab verildi. Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində bu əmri gözləyirdi.

Beləliklə, 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı xalq-ordu birliyinin təcəssümü oldu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Azərbaycan tarixinə Zəfər salnaməsi kimi daxil olan “Dəmir yumruq” əməliyyatı 44 gün ərzində hər gün ordumuzun irəliləməsi, torpaqlarımızın bir-birinin ardınca düşmən tapdağından azad edilməsi ilə yaddaşlara həkk olundu. Ordumuz 44 gün ərzində düşmən ordusunu məhv edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunub. Tarixi Şuşa şəhərinin strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. İşğalçı dövlət döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı.

Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməklə yanaşı erməni mifini də darmadağın etdi. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Bu gün məhz Bakıdakı Hərbi Qənimətlər Parkına gələn hər bir insan Azərbaycan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür.

Vətən müharibəsində Azərbaycanın qələbəsinin şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak edib. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibələr Azərbaycanın diplomatiya siyasətinin uğuru idi. Beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilir.

M.İbrahimqızı vurğulayıb ki, II Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir. Bununla yanaşı iki qardaş ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş mesaj idi.

Vətən müharibəsi həmçinin milli birliyin açıq təzahürü kimi yadda qaldı. “Dəmir yumruq” milli birliyin və gücün rəmzi kimi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri üçün simvola çevrildi. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat imzaladı. Təəsüf ki, tariximizə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etməyib.

Böyük Qayıdış strategiyasına uyğun olaraq azad edilmiş ərazilərimizdə yeni infrastrukturun yaradılması, regionun yeni inkişaf modelinə çevrilməsi istiqamətində zəruri addımlar atılıbdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.

Müzəffər Ali Baş Komandan tərəfindən tarixi  Qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına aid xüsusi orden və medallar təsis edilib ki, bu da ali diqqətin göstəricisi hesab olunur. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilib. Həmçinin tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşa olunur.

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı şəhidlərimizin əziz xatirəsi əbədiləşdirilir, onların ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll edilir.

Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasının və separatçıların, qanunsuz erməni silahlılarının ərazilərimizdən çıxarılmasının tarixi əhəmiyyətinə toxunub: “II Qarabağ müharibəsindən sonra Ermənistan üçtərəfli bəyanata zidd olaraq hələ də Azərbaycan ərazisində özünə məxsus silahlı birləşmələr saxlayır, separatçı rejimi himayə edirdi. Bu isə işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımız üçün təhlükə idi. Vaxtaşırı olaraq həmin qanunsuz silahlılar və separatçılar təxribatlara əl atırdı.

“Məhz ölkə ərazisində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən 19 sentyabr 2023-cü il tarixində lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi bir gün davam edən antiterror tədbiləri nəticəsində, Azərbaycanın Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, ağ bayraq qaldırıb təslim oldu. Qanunsuz silahlıların və separatçıların döyüş mövqelərindən və hərbi postlardan çıxması, tam şəkildə tərksilah olunması, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması növbəti tarixi qələbə idi. Məhz həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırılması müasir Azərbaycan tarixində mühüm hadisə olmaqla yanaşı, xalqımızın mübarizlik, özünə məxsus olana sahib çıxmaq və qələbə əzminin ifadəsi idi”, - deyə millət vəkili vurğulayıb.

Aminə Nəzərova

Seçilən
23
1
operativmm.az

2Mənbələr