AZ

Regionda ən irimiqyaslı hərbi əməliyyat - 4 ildə nələr qazandıq?

 

Qarabağ - Azərbaycanın qədim yurd yeri. 4 il öncəyə qədər biz Qarabağdan keçmiş zamanda danışır, bəzən də cümləmizə kaş deyə başlayırdıq. Amma bu gün dilimizdə də, həyatımızda da reallıqlar dəyişib. İndi torpaqlarımızın azad olunduğu günləri qeyd edirik.

Bu azadlıq isə təkcə ədalətin bərpası deyil, həm də Azərbaycanı siyasi-hərbi anlamda regionun əsas gücünə çevirib. Ermənistanın məğlubiyyəti ilk olaraq torpaqlarımıza əbədi qayıdışımızın təməlini qoydu, digər tərəfdən isə işğalçıların dünyaya sırımağa çalışdıqları güclü erməni ordusu mifini dağıtdı.

Bu zəfər Azərbaycanın beynəlxalq ədaləti özünün bərpa etməsidir. Azərbaycan xalqı Vətənin müdafiəsindəki həssaslığı ilə bütün dünyaya göstərdi ki, işğalla barışmayıb və öz daxilindəki birliyi daha da gücləndirib. Böyük qələbə sayəsində ictimaiyyətin əhvali-ruhiyyəsi və motivasiyası yüksəldi. Qarabağ Zəfəri ilə Azərbaycanda çox güclü ictimai sosial kapital formalaşdı. Xalq-dövlət bütünlüyü təmin edildi.

İkinci Qarabağ savaşı, Azərbaycanın ədalətli müharibəsinin mahiyyəti Ermənistan Ordusunun hissələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmaq, işğalı yekunlaşdırmaq idi.

Ekspertlər bildiriblər ki, İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz regionunda ötən əsrin 90-cı illərindən bəri baş vermiş ən irimiqyaslı hərbi əməliyyatdır. Bu müharibə həm istifadə olunan texnologiyanın müasirliyi, həm də döyüş taktikasının spesifikliyi baxımından bir çox xarici tədqiqatçı və ekspertlərin diqqətini cəlb edib.

Azərbaycan Ordusunun hücumu təfsilatlı kəşfiyyat, atəşlə zərərvurma və PUA zərbələrinə əsaslanırdı. Ermənistanın siyasi rəhbərliyi hərbi qüvvələrin balansı, imkan və qabiliyyətlər, eləcə də müdafiənin təşkili ilə bağlı yanılmışdı. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan hökuməti bütün səylərinin boşa getdiyini və kapitulyasiya sənədinə imza atmağın qaçılmaz olduğunu, nəhayət, başa düşdü.

Separatçı Arayik Arutyunyan isə Şuşanın əhəmiyyətini vurğulayaraq bir zamanlar bildirmişdi ki, Şuşaya nəzarət edən tərəf Qarabağa nəzarət edir. Qarabağ Zəfəri tariximizdə zaman ayırıcısı xəttinə çevrilib. Necə ki, 4 il öncəyədək prosesləri "müstəqillikdən əvvəl - müstəqillikdən sonra" dövrləri ilə təsnifatlaşdırırdıqsa, artıq müstəqillik tariximizə də "Zəfərdən öncə - Zəfərdən sonra" ayrımı ilə yanaşırıq.

Seçilən
18
1
sitat.info

2Mənbələr