AZ

Gürcü politoloq: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi bütün geosiyasi dövr üçün mühüm hadisədir

Azərbaycanın 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməsindən dörd il keçir. Bu, böyük tarixi hadisədir. Mən bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq Petre Mamradze söyləyib. Onun sözlərinə görə, Azərbaycanın bu qələbəsi nəinki region üçün, həm də bütün geosiyasi dövr üçün çox böyük və mühüm hadisədir. Azərbaycanın qələbəsi hadisələrin bütün gedişatını dəyişdirdi.

“Xatırlatmaq istəyirəm ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı danışıqlar 30 ilə yaxın müddətdə davam etdirilirdi və bu illər ərzində Azərbaycan böyük səbir nümayiş etdirirdi. Çalışırdı ki, hər şey sülhlə yekunlaşsın. Amma şərait elə gətirdi ki, Azərbaycan güc yolu ilə torpaqlarını azad etdi”, – deyə Mamradze vurğulayıb.

Politoloq hesab edir ki, Qərb ölkələri də bunu yaxşı başa düşürdü. Onlar bilirlər ki, bu illər ərzində münaqişənin həlli üçün heç bir iş görmədikləri üçün Azərbaycan hərb yolunu seçdi.

“Bir məqama diqqət yetirmək lazımdır. Uzun illər ərzində Ermənistan özü də Qarabağın müstəqilliyini qəbul etmirdi. Çünki onlar da başa düşürdülər ki, gec-tez bu torpaqlar öz sahiblərinə qayıdacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, indi sülhlə bağlı danışıqlarda da Azərbaycan tərəfi səbirli davranır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün lazımı addımlar atılır və bütün dünya çox gözəl görür ki, Azərbaycanın heç bir aqressiv planı yoxdur. Hər kəs gördü ki, Azərbaycan Prezidenti ölkəsinin təhlükəsizliyinin qorunması və ərazi bütövlüyünün bərpası prosesində bütün lazımı qaydalara əməl edib. Başqa etiraz yaradacaq heç bir səbəb olmayıb və buna görə də heç kim artıq heç nə deyə bilmir.

P.Mamradze hesab edir ki, Ermənistanın sülh müqaviləsinə imza atmaması bu ölkənin rəhbərliyi üçün çətin məsələdir: “Çünki illər ərzində ölkənin böyük əksəriyyəti özünü inandırıb ki, Qarabağı əldən vermək olmaz. Hətta gördük ki, 44 günlük müharibədən sonra Ermənistanda hansı etirazlar oldu. Bu, anlaşılandır və siyasi rəhbərliyə olduqca çətindir. Təbii ki, buna da zaman lazımdır və zamanla hər şey qaydasına düşəcək”.

Seçilən
18
ikisahil.az

1Mənbələr