“Komandada çatışmazlıqlarımız var”.
Bunu İdman.bizə qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya deyib.
O, komandasının AVRO-2025-in seçmə mərhələsində Polşaya 51:105 hesabı ilə uduzmasının səbəbini açıqlayıb. Türkiyəli mütəxəssisin sözlərinə görə, bu cür yığmalara qarşı mübarizə aparmaq üçün komandanın zamana ehtiyacı var: “Klassik qadın basketbolu Azərbaycanda demək olar ki, inkişaf etməyib. Çünki təcrübəlilərin çoxunun yaşı 35-dən yuxarıdır. Aşağı yaş qrupundan gələn bir çox basketbolçumuz var. Onlar Azərbaycan basketbolunun inkişafı baxımından çox önəmli olacaq. Polşa isə tamamilə basketbol ölkəsinə çevrilib. Basketbol zalları, seleksiya işləri, kadrları, yığma komandaları və s. sahələrdə sözün əsl mənasında çox iş görülüb. Uşaqlarımızın bunları görməsi və təcrübə qazanması çox yaxşıdır. Məğlubiyyətimizə səbəb bu kimi matçlara hələ hazır olmağımızdan irəli gəlir”.
Onun sözlərinə görə, matçın bəzi hissələrində komandamız yaxşı oyun göstərib: “Amma bunu bütün oyunda etməliyik. Təbii ki, səviyyə fərqidə mövcuddur. Gələcək illərdə biz belə oyunlara tam hazır olacağıq. Çünki komandaya yeni basketbolçular gəlir”.
O bildirib ki, inkişaf baxımından böyük işlər görülür: “Bunların hamısı çox yaxşı nəticələrlə bitəcək. Oyunçuların səviyyəsində bu cür işlərə görə çox yaxşı irəliləyişlər var. Avropa çempionatı çox önəmli bir yarışdır. Güclü komandaların yer aldıqı bir qrupdayıq. Meydanda əlimizdən gələni etdik. Son anadək mübarizə apardıq. Zamana ehtiyac var”.
O, növbəti turda Litva yığması ilə keçirəcəkləri matçla bağlı da fikirlərini açıqlayıb: “Belçika ilə ağır oyun keçirdiblər. Bu məğlubiyyətdən sonra qələbə üçün meydana çıxacaqlar. Biz də əlimizdən gələni edib, vuruşacağıq. Belə turnirlər gələcəkdə Azərbaycan qadın basketbolunun inkişafı üçün çox önəmli və vacibdir. Bu baxımdan çox ciddi hədəflərimiz var və çox ümidliyik”.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə hələlik 3 oyunun hər birində məğlub olub.
Banuçiçək Hüseynli
İdman.biz