AZ

Zəfər Gününə səfər qələbəsi! - REPORTAJ

Avropa Liqası, əsas mərhələ, 4-cü tur
Bude/Qlimt (Norveç) - Qarabağ 1:2 (1:1)

12. Nikita Haykin
20. Fredrik Şyovold
(5. Bris Vembanqomo, 72)
2. Villads Nilsen
4. Odin Byortuft
15. Fredrik Andre Byorkan
26. Hokon Evyen
(19. Sondre Brunstad Fet, 72)
7. Patrik Berq (k)
14. Ulrik Saltnes
(21. Andreas Helmersen, 90+1)
77. Filip Zinkernagel
(99. Nino Juqel, 90+1)
23. Yens Petter Heuqe
94. Auqust Mikkelsen
(25. İsak Dyubvik Myatta, 72)
Ehtiyat oyunçular
44. Maqnus Bryöndbo
6. Yosteyn Qundersen
8. Sondre Euklenn
11. Runar Espeyord
27. Sondre Syorli
29. Mihal Tomiç
30. Adam Syorensen
Baş məşqçi: Kyetil Knutsen

99. Mateuş Koxalski
27. Toral Bayramov
(29. Marko Veşoviç, 90)
81. Kevin Medina
55. Bədavi Hüseynov (k)
30. Abbas Hüseynov
(2. Mateus Silva, 62)
8. Marko Yankoviç
66. Patrik Andrade
10. Abdulla Zubir
11. Emmanuel Addai
(7. Yassin Benzya, 62)
23. Aleksey Kaşuk
(15. Leandro Andrade, 62)
18. Juninyo
(90. Nəriman Axundzadə, 90+5)
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
97. Fabian Buntiç
13. Bəhlul Mustafazadə
20. Riçard Almeyda
22. Musa Qurbanlı
24. Aleksey İsayev
Baş məşqçi: Qurban Qurbanov
Qollar: T.Bayramov, 22 (0:1). P.Berq, 41 (1:1). A.Zubir, 69 (1:2).
Vərəqələr: K.Medina, 78. M.Koxalski, 85. P.Berq, 89 - sarı.
Hakimlər: LUİŞ QUDİNYO, Rui Teyşeyra, Pedro Almeyda, Andre Narkiso (hamısı Portuqaliya).
VAR hakimi: Hüqo Migel (Portuqaliya).
VAR hakiminin köməkçisi: Fabio Oliveyra Melo (Portuqaliya).
Hakim-inspektor: Ante Vuçemiloviç (Xorvatiya).
UEFA nümayəndəsi: Tammo Beişuzen (Niderland).
7 noyabr. Bude. “Aspmyura” stadionu. 6011 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.

12 (6) qapıya ("çərçivə"yə) zərbə 10 (6)
10 künc zərbəsi 3
6 ofsayd 1
10 qayda pozuntusu 10
1 (0) sarı (qırmızı) vərəqə 2 (0)
54 topa sahibolma (faizlə) 46

Bu elə bir oyun idi ki, artıq “Qarabağ” üçün geriyə yol qalmamışdı. Nəinki məğlubiyyət, hətta heç-heçə də ağdamlıların pley-off ümidlərini “dəfn edəcək”, işi möcüzəyə saxlayacaqdı. Əlbəttə, zaman-zaman “Bude/Qlimt”dən də güclü komandaları səfərdə məğlub etmişik, yəni “qələbə mümkünsüzdü” kimi bir anlayış yox idi. Amma və lakin... Birincisi, “Qarabağ” indiyə qədər Norveçdə qələbə qazana bilməmişdi. İkincisi, komandaların ilk üç turda göstərdiyi nəticələr tərs-mütənasib idi. Üçüncüsü, “Qarabağ” Julio Romao və Elvin Cəfərquliyev kimi aparıcı oyunçuların xidmətindən yararlana bilməyəcəkdi.

...Və “Qarabağ” bacardı! Nə yağışlı hava şəraiti və süni ot örtüyü, nə də ilk üç turda 7 xal toplayan meydan sahiblərinə göstərilən azarkeş dəstəyi Azərbaycan çempionunun qələbə inamını sarsıtmadı. Qurban Qurbanov isə meydana qəribə start heyətini buraxmaqla azərbaycanlı azarkeşləri həyəcanlandırdı. Təcrübəli baş məşqçi Kaşukla Addaiyə şans vermişdi.

Açığı, biz “Qarabağ”ın oyuna hücumlarla başlayacağını gözləyirdik. Ancaq heç də belə olmadı. Budelilər hesabı açmağa tələsir, qələbə istəyini gizlətmirdi. Etiraf edək ki, məhz belə oyun tərzi gözümünüz önünə "Qarabağ"ın ötən mövsüm avrokuboklarda yaratdığı xarüqələri gətirirdi. Meydanda isə Norveç təmsilçisinin bir-birini sıralayan hücumlarının qarşısını almağa çalışan "köhlən atlar" var idi. Hətta Medina ilk 10 dəqiqədə rəqibin iki zərbəsinə mane olmaqla təhlükəli vəziyyətin yaranmasına imkan vermədi. O, bunu Mikkelsen və Heuqenin cəhdlərinə müdaxilə etməklə bacardı. Ardından Andradenin uzaqdan ötürməsini qəbul edən Juninyo qapıya zərbə ilə yadda qaldı. Bir neçə rəqib tərəfindən mühasirəyə alınsa da, topa həlledici toxunuşu etməyə nail olan braziliyalının fərqlənməsinə Haykin imkan vermədi. Rusiyalı qolkiper 19-cu dəqiqədə Juninyonu növbəti dəfə məyus etdi. Daha dəqiqi, təkbaşına xeyli irəlilədikdən sonra Zubirin yardımıyla zərbə mövqeyinə çıxan bacarıqlı hücumçu yenə fürsəti əldən verdi. Ümumiyyətlə, Haykin Avropa Liqasının əsas mərhələsinin seçilən qapıçılarındandı. UEFA-nın məlumatına görə, yuxarıdakı epizod qolkiperin bu çərçivədəki 18-ci əla seyvidi. Belədə ümidsizliyə qapılmaq məntiqli görünməyə başlayırdı ki, Toral iddialı Haykini yerinə oturtmağı bacardı. O, 22-ci dəqiqədə qapıçının irəli göndərdiyi topu sinəsiylə qəbul etdi və yaylım atəşinə bənzəyən zərbəylə tora göndərdi. Hesabın açılması yaşanacağı təxmin edilən epizodları da bərabərində gətirdi. Söhbət "Bude/Qlimt"in daha israrlı və cəsarətli oyunundan gedir ki, meydan sahibləri bu mənada heç kimi təəccübləndirmədi. Bir qədər sonra Yankoviç Evyenin qapını nişan almasına imkan vermədi. Ardınca "Qarabağ"ın heyətində Avropa Liqasında debüt edən Kaşukun qeyri-dəqiq zərbəsinə şahidlik etdik. Ukraynalı Abbasın ötürməsindən yararlana bilmədi. Saatın yarısı geridə qaldıqdan sonra temp daha da yüksəldi. 33-cü dəqiqədə Patrik Nilsenin "çərçivə"yə göndərmək istədiyi topu qapı xəttinin üstündən uzaqlaşdırdı. Yenə də "Bude/Qlimt" hesabı bərabərləşdirməyə nail oldu. 41-ci dəqiqədə Berq Zinkernagelin künc zərbəsindən oyuna daxil etdiyi topu qarışıqlıqdan yararlanmaqla tora qovuşdurdu. Beləcə komandalar fasiləyə "sülh"lə yollandı.
İkinci hissədə azı bir qol vurmaqla səfərdən qələbəylə qayıtmağın mümkünlüyünə inanmaq sadəlövhlük deyildi. Amma bunun üçün həm də səhvlərdən qaçmaq vacib idi. Elə bu ərəfədə Koxalskinin diqqətsizliyi üzündən rəqib üçün əla fürsət yarandı. Qolkiperin Abbasa ötürmək istədiyi topu qeyri-dəqiqliyi üzündən ələ keçirən Saltnes dərhal irəli atıldı. O, "kürə"ni Heuqeyə, sonuncu isə "çərçivə"yə göndərmək istəyirdi. Lakin Medina rəqibin önünə keçməklə təhlükəni sovuşdurdu. 61-ci dəqiqədə Patrik fərqlənə bilərdi. Amma tir meydan sahiblərini qoldan xilas etdi. Meydana qayıdan topu Juninyo tora qovuşdurmağa çalışsa da, qeyri-dəqiq oldu. Haykin isə 68-ci dəqiqədə Benzyanın zərbəsini dəf etməklə daha bir seyv göstərdi. Çox keçmədən gözlədiyimiz qola qovuşduq. Daha doğrusu, "Qarabağ"ın ardıcıl hücumları 69-cu dəqiqədə bəhrə verdi. Andradenin mərkəzdən irəli şığıyaraq Benzyaya, onun da Zubirə ötürməsi sonuncunun toru silkələməsiylə nəticələndi. Bu ərəfədə Andradenin həqiqətən ən yaxşı oyunlarından birini keçirdiyini, həm müdafiə, həm də hücum xəttində yetərincə fəal olduğunu və norveçlilərə çoxlu problem yaratdığını söyləməliyik. Zubir haqda isə qısaca belə demək olar: o, hələ qocalmayıb!

Meydan sahibləri hesabın yenidən bərabərləşməsi üçün səy göstərsələr də, bacarmadılar. Norveçlilər xüsusilə 76-cı dəqiqədə hədəfə çox yaxınlaşdı. Sadəcə, Koxalski Heuqe üçün də keçilməz oldu. Bu başqa məsələ ki, 81-ci dəqiqədə Zinkernagel topu tora qovuşdurdu. Amma VAR-ın müdaxiləsindən sonra dəqiqləşdi ki, futbolçu həmin epizod zamanı oyundankənar vəziyyətdə imiş. Matç Koxalskinin Nilsenin zərbəsini dəf etməsinin ardından başa çatdı. Beləliklə, "Qarabağ" Avropa Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı. Ağdamlılar bu qələbə sayəsində turnir cədvəlinin sonuncu pilləsini tərk etdi. Azərbaycan çempionunun son 4 turda “Lion” və FKSB ilə evdə, “Elfsborq” və “Olimpiakos” ilə səfərdə qarşılaşacağını da xatırladaq.

Nəhayət: bu gün həm də ölkəmizdə Zəfər Günüdü, 44 günlük müharibədəki qələbənin ildönümü qeyd olunur. “Qarabağ” Zəfər Gününü səfər qələbəsi ilə təbrik etdi. Mübarəkdi!

Gözdən qaçmadı
* Yerli azarkeşlər matçdan əvvəl xeyli pirotexniki vasitədən istifadə etdi.
* Oyundan əvvəl Valensiyada yaşanan təbii fəlakət üzündən dünyasını dəyişənlərin xatirəsi birdəqiqəlik sükutla yad olundu.
* "İmarət Avropa" fanklubu 10 nəfərlə tribunada yerini almışdı.

KƏNAN BAHADIR

Seçilən
17
football-plus.az

1Mənbələr