1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Oğlum Azərbaycan ordusunun zabiti idi. 2016-cu ildə Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz erməni işğalçılarına qarşı döyüşə başlayanda oğlum da döyüşlərə qatılıb. Kəlbəcərdə Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib".
Bunu Oxu.Az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kapitanı şəhid Həmidağa Hüseynzadənin atası Bağır Hüseynov deyib.
Onun sözlərinə görə, şəhid oğlu öz taqımı ilə üç hərbi postu erməni işğalçılarından azad edib:
"Məlumdur ki, Murovdağ istiqaməti dağlıq ərazi olduğu üçün sıldırım qayalardan ibarətdir. Orada aviasiyadan başqa hansısa bir texnikadan istifadə etmək olmur. Onların döyüşləri də daha çox əlbəyaxa olub. O da xüsusi təyinatlı olduğu üçün bu döyüşlərə əvvəlcədən hazır idi. Necə lazımdırsa döyüşdülər, torpaqlarımızı işğaldan azad etdilər. Adlarını da, qazandıqları zəfəri də Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Elə sentyabrın 30-u Murovdağ istiqamətində gedən döyüşlərdə də şəhid oldu".
"Mən ölkə başçısını da bu zəfər münasibəti ilə təbrik edirəm. Çünki onun da bu qələbədə böyük rolu var. Onun Ali Baş Komandan kimi göstərişləri ilə rəşadətli ordumuz zəfər qazandı. Oğlum Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Kəlbəcərin azad olunması uğrunda və "Vətən uğrunda" medalları, həmçinin "Qarabağ" ordeni ilə təltif edilib", - şəhid atası əlavə edib.
Mərahim Nəsib