“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı, argentinalı model Vanda Nara haqda xəbəri şərh edib.
Arena.az “Sport Bible” dərgisinə istinadən məlumat verir ki, İkardi Vanda Naranın argentinalı reper L-Gantenin videoklipində çəkilişinə və reperlə öpüşü əks edilmiş, sosial şəbəkələrdə yayılan videosuna münasibətini açıqlayıb:
“O, bütün dünyanın gülüş hədəfidir”, deyə İkardi bildirib.
Xatırladaq ki, Vanda Nara bu yaxınlarda, reper L-Gante ilə münasibəti haqda bütün şayiələri təsdiqləyib. Argentinalı model daha əvvəl yalnız dostluqdan danışaraq, gənc oğlanla hər hansı əlaqəsini inkar etmişdi. Lakin cütlük artıq bu münasibətləri gizli saxlamağa ehtiyac duymur. Bu isə İkardi ilə Vanda arasındakı münasibətlərin tamamilə bitdiyini göstərir.
Yeri gəlmişkən, Mauro İkardi uzun müddətə sıradan çıxıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, İkardi Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Tottenhem”ə qarşı keçirdikləri matçda (3:2) çarpaz diz bağlarını qırıb və menisk zədəsi alıb. 31 yaşlı argentinalı futbolçu əməliyyat olunacaq. Onun cari mövsümün sonuna qədər meydana çıxmayacağı bildirilir.
Mauro İkardi bir müddət icarə əsasında çıxış etdiyi “Qalatasaray”a 2023-cü ilin iyulunda 10 milyon avro müqabilində PSJ-dən tamhüquqlu transferlə keçib. Argentinalı hücumçunun “Cimbom”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə İkardi “Qalatasaray”ın heyətində 14 oyuna 16 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. O, İstanbul təmsilçisinin heyətində bütövlükdə 87 oyuna çıxıb, 61 qol və 22 məhsuldar ötürmə müəllifi olub. İkardi 2022/2023 və 2023/2024 mövsümlərində “Qalatasaray”la Türkiyə Super Liqasının qalibi olub.
Argentinalı hücumçu “Qalatasaray”a qədər PSJ, “İnter” və “Sampdoriya”da çıxış edib.
Mauro İkardi 2013-cü ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.