“Avropada yaşayan ermənilər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərdə Avropa ittifaqının fəallığını görür və bundan gözləntiləri çoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Erməni Datının Mərkəzi Aparatının xüsusi proqramlar şöbəsinin rəhbəri Gevorq Qukasyan deyib.
O, əlavə edib ki, bu, Avropa Parlamentinin prinsipial mövqeyinin, Aİ icra hakimiyyətinə yaratdığı təzyiqlərin nəticəsidir: “Avropa Parlamentinin son qətnaməsi bu məsələni qanuni qüvvəyə mindirir. Azərbaycan və Aİ arasında hüquqi müqavilə səviyyəsinin artırılması baxımından Avropa Parlamentinin qətnamələri daha çox məsləhət xarakteri daşıyır. Avropa İttifaqının qətnamələri məcburi deyil və heç bir hüquqi gücü yoxdur”.
Daha sonra Azərbaycana təsir rıçaqlarının tükənmədiyini deyən erməni siyasətçi hesab edir ki, Avropa Azərbaycana təzyiqi artırmalıdır: “Qərbin siyasi arsenalında elə bir alət var ki, istifadə ediləcəyi təqdirdə Azərbaycan ciddi itkilərə məruz qala bilər”.
Təbii ki, Qukasyan bununla ermənilərin qarışıq yuxularına çevrilən Azərbaycanın enerji resurslarına eyham vurur. Onlar nəyin hesabına olursa-olsun Avropa Birliyindən Azərbaycana qarşı sanksiya qəbul edilməsini tələb edirlər və bütün ermənilər, onların havadarları da bu istiqamətdə çalışırlar. Qukasyan təəssüflə bildirir ki, hazırda Avropa buna hazır deyil və ermənilərin əsas məqsədi isə Aİ-ni buna kökləməkdir. Amma Avropanın enerji təhlükısizliyində önəmli rol oynayan Azərbaycanın erməni məsələsinə görə, sanksiyalara məruz qalması inandırıcı deyil və bu, baş tutmayacaq. Bunu ermənilərin özləri anlasalar da böyük qardaşlarının onlara verdiyi yalançı vədə arxayındırlar: “Avropa İttifaqının plenar iclasında iştirak edən komissarlardan biri ilk dəfə maraqlı bəyanatla çıxış edib. O, Avropa İttifaqının enerji tərəfdaşı hesab edilən Azərbaycanda insan hüquqlarının pozulmasına göz yuma bilməyəcəyini bildirib. Bu, bizdə böyük inam yaradır və güman edirik ki, Azərbaycan tezliklə cəzalanacaq. Aİ-də Azərbaycanla bağlı müəyyən nitq korreksiyaları olsa da, təbii ki, bunlar kifayət deyil. Lakin bu deyilənlər Avropada qiymətləndirilməlidir. İstənilən vaxt Aİ özünün siyasi arsenalındakı bu alətdən istifadə etməli və Azərbaycana kifayət qədər ciddi zərbə vurmalıdır”.
Əslində, Qukasyanın bu fikirləri orta statistik erməni arzusudur. Uzun illərdir xəstə təxəyüllə yaşayan bir toplumun qonşularına düşmən münasibətinin kökündə erməni ideologiyası dayanır. Yalnız bu fikirləri xəstə təxəyyüllə malik insanlar söyləyə bilər: “Bir neçə gün əvvəl 52 avropalı parlamentari Azərbaycana 3 əsas tələblə müraciət imzalayıb. Avropalı “dostlarımız” erməni məhbusların azad edilməsi, mədəni irsin qorunması, işğalçı qüvvələrin çıxarılması tələbiylə çıxış ediblər”.
Qukasyanın sadaladıqları həm də COP29 ərəfəsi Azərbaycana təzyiqdir.
Qukasyan daha sonra bildirib: “Ermənistan hakimiyyətinin Azərbaycanla bağlı çıxışı o qədər yumşaqdır ki, sanki söhbət hər hansı tərəfdaş dövlətlə qısamüddətli problemlərdən gedir. Fakt budur ki, Avropa və Amerikanın məsələyə sətr mövqe nümayiş etdirməsi Ermənistan hakimiyyətinin siyasi çıxışı ilə uyğun gəlmir”.
Avropada yaşayan hər bir erməni belə düşünür və onların Azərbaycan əleyhinə apardıqları kampaniyanın kökündə də bu tezislər dayanır. Sülh müqaviləsinin imzalanmasına mane olan bu qüvvələr üzləşdikləri məğlubiyyətlə barışmaq istəmir və Ermənistanı uçuruma aparmaqda davam edirlər.
Vəli Həsənoğlu,
KONKRET.az