Macarıstana səfərini başa vuran Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə dönərkən açıqlamalar verib.
“Cebheiinfo.az”-ın məlumatına görə, Ərdoğan ABŞ prezidenti seçilmiş Donald Trampı Türkiyəyə dəvət etdiyini bildirib.
Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək üçün Macarıstana səfər edən Türkiyə Prezidenti Budapeştdən qayıdarkən təyyarədə jurnalistlərə gündəmlə bağlı açıqlamalar verib.
Prezident Ərdoğan Donald Trampı ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə telefonla təbrik etdiyini deyib:
“Həmin vaxt ailəvi şam yeməyində idilər. İlon Mask və Maskın uşağı da yanında idi. Onunla söhbətimiz seçki prosesi və Türkiyə haqqında oldu. Türkiyə ilə bağlı da gözəl açıqlamalar verdi. Onu ölkəmizə dəvət etdik. Ümid edirəm ki, o, bizim dəvətimizi qəbul edəcək və beləliklə, Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığı əvvəlkindən fərqli şəkildə gücləndirəcək”.
Trampın Qəzza müharibəsinin sona çatması ilə bağlı açıqlamalarına toxunan Ərdoğan sözlərini belə davam etdirib:
“Bildiyiniz kimi, İsrailin başlatdığı bu münaqişələrə son qoyulması ilə bağlı vədlər var. Biz bu vədin yerinə yetirilməsini və İsrailə “dur” deyilməsini istəyirik. Ümid edirik ki, cənab Trampın ikinci dönəmi daimi sülh və əmin-amanlıq dövrü olacaq. Bayden siyasətinin davam etdirilməsi bölgədəki çıxılmaz vəziyyəti dərinləşdirəcək və qarşıdurmanı yayacaq”.