AZ

Şuşa son 4 ildə ən müasir şəhərlərdən birinə çevrilib

Azərbaycan xalqı 4 ildir özünün milli Zəfər gününü qeyd edir. Vətən müharibəsinin  43-cü günü müzəffər Azərbaycan ordusu alınmaz qala olan Şuşanı işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər. Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək, 30 il müddətində gözlədiyimiz müjdəni çatdırdı. Beləliklə, 8 noyabr – Şuşanın azad olunması Zəfər günü kimi tarixə düşdü. Azərbaycan xalqı 30 il ərzində bu tarixi anı gözləyirdi. Ermənistan və onun havadarları yaxşı anlayırdı ki, strateji əhəmiyyətə malik olan Şuşaya sahib olmaq bütövlükdə Qarabağa sahib olmaq deməkdir. Ona görə də məhz Şuşanın azad olunması Vətən müharibəsinin taleyində həlledici rol oynadı. 44 gün ərzində Azərbaycan Ordusu yalnız irəli getdi. Şuşa döyüşləri isə unikallığı ilə hərb tarixinə düşdü.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə nümunə sərgilədi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.

Şuşa 30 ildən sonra öz sahiblərini qarşıladı. Müharibədən cəmi 4 il ötməsinə baxmayaraq, Şuşa tam müasir və abad görkəm alıb. Burada eyni zamanda milli ənənələrimiz də bərpa olunub. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyallarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası  Şuşanın tarixi və milli simasını özünə qaytarıb. Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə çevrilməkdədir. Beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı məkan kimi qlobaal məsələlərin müzakirə olunduğu beynəlxalq platformalara ev sahibliyi edir.   Şuşanın azad olunması hərbi-strateji uğur olmaqla yanaşı, həm də xalqımızın, dövlətimizin mənəvi qələbəsidir. Təsadüfi deyil ki, Şuşa Türk dünyasının da mədəniyyət paytaxtı elan edildi. Cari ilin iyulunda Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısı keçirildi və təşkilatın tarixində ən vacib sənəd  – “Qarabağ bəyannaməsi” də bu tarixi məkanda imzalandı.

Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf  modelinə çevrilib. Böyük Qayıdış proqramı çərçivəsində Şuşa şəhərinə 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərimizdə təqribən 30 minə yaxın insan yaşayır. Bu gün həm də Şuşa şəhər günüdür. Azərbaycan bayrağı bu gün Şuşa ilə yanaşı Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə, Əsgəranda, bir sözlə, ölkəmizin dörd bir yerində dalğalanır. Azərbaycan xalqı Şuşa başda olmaqla bütün tarixi torpaqlarımızda əbədi yaşayacaq.

 Könül Nurullayeva

 Milli Məclisin deputatı 

Seçilən
16
xalq.az

1Mənbələr