AZ

Qobustan Təbiət Qoruğunda Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Qobustan Milli Tarix-Bədii Qoruğunun təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində Zəfərin dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, açıq havada keçirilən tədbirin proqramına musiqiçi və rəqqasların iştirakı ilə şou-konsert, təsviri incəsənət üzrə ustad dərsləri və əl işlərinin satış yarmarkası daxil edilib. İyirmiyə yaxın sahibkar fiziki imkanları məhdud şəxslərin yaratdıqları məmulatları təqdim edib. Sərgidə, həmçinin Zəfər Gününə həsr olunmuş işlər və milli naxışlarla bəzədilmiş əşyalar nümayiş etdirilib.

Tədbirdə şəhid anaları oğulları ilə fəxr etdiklərini bildiriblər, onların sayəsində bu şanlı Qələbənin Azərbaycan tarixinə əbədi yazılacağını vurğulayıblar.

“Mən bir şəhid anası kimi oğlumla qürur duyuram. Şəhidlərimiz, qazilərimiz olmasaydı, biz bu Qələbəni qeyd edə bilməzdik. Hər kəsin bayramını təbrik edirəm! Biz özümüz də bilmədən öz evimizdə qəhrəmanlar böyütmüşük”, - deyə şəhid Pünhan Abbasovun anası bildirib.

Qazi Vüqar Məmmədov 8 Noyabr - Zəfər Gününün əhəmiyyətini vurğulayıb: “Şəhidlərimiz Vətən uğrunda, xalq uğrunda qan tökməsəydilər, özlərini qurban verməsəydilər biz bu günü qeyd edə bilməzdik. Biz bu gün bu bayramı təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da qeyd edirik. Azərbaycan xalqının Zəfəri haqqında hər kəs məlumatlıdır. Biz bu şərəfli günü tarixə qanla, şəhid yoldaşlarımızla, arxa cəbhədəki xalqın dəstəyi ilə yazdıq”.

Seçilən
35
1
sia.az

1Mənbələr