AZ

“Premyer Liqada qalmaq üçün hər xal vacibdir”

Azərbaycan Premyer Liqasının VII turunun “Neftçi” – “Şamaxı” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– İlk 5 dəqiqəni çıxsaq, yaxşı oynadıq. 0:2-dən sonra geridönüş etmək çətin olur. Bəlkə, birinci hissə üçüncü qolu da vura bilərdik. Fasilədən sonra rəqibin təzyiqi artıracağını bilirdik. Ümumiyyətlə heyətlə bağlı çətinliklərimiz var. Son 4-5 oyunda zədələrlə bağlı gənclərə fürsət düşüb və bundan yaxşı istifadə edirlər. Bir xal yaxşı oldu. Premyer Liqada qalmaq üçün hər xal vacibdir. “Neftçi” səfərində bir xal qazanmaq yaxşıdır.

– 4 dəqiqəyə 2 qol buraxmaq karyeranızda ilkdir…
– Məşqçi karyeranızda sürprizlərə hazır olmalısınız. Oyunöncəsi məşqlərdə komandanın oyuna necə kökləndiyini görə bilərsiniz. Buna baxmayaraq, şans rəqibin yanında idi. Həm də Murad Məmmədovun son oyunlarda yaxşı çıxışı olur. Gənclərin belə oynaması sevindirir. Erkən qoldan sonra inanırdım ki, komandam ayılacaq. Bu mövsüm ikinci dəfədir, geridönüş edirik. Deməli, bacarırıq. Birinci hissənin 40 dəqiqəsində bəlkə də, mövsümün ən yaxşı oyununu oynadıq.

– Fasilədə komandaya nələr dediniz?
– İlk 5 dəqiqəyə görə tənbeh etdim. Bilirdim ki, ikinci hissədə “Neftçi” tempi artıracaq. Lakin bizim də şanslarımız oldu. Bu gün rəqib “Neftçi”dir. Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa. “Neftçi”nin qələbəsi üçün komandamı qabağa çıxartmağımı istəyirlər. Deyir futbol oynamırsız, mən də zarafatca dedim bəs nə oynayırıq?(gülür). İkinci hissədə təzyiq gözlənilirdi, biz də şans yaratdıq, bəlkə, bir az dəqiq olsaydıq, yaxşı olardı. İkinci hissəni bütünlüklə rəqibin üstünlüyü ilə keçdi deyə bilmərik.

Şahin Cəfərov

Seçilən
24
futbolpress.az

1Mənbələr