AZ

Azadlığa açılan qapı - Zəfər parkından REPORTAJ

Yaponiya tarix və mədəniyyətində yer alan simvolik Torii qapıları müqəddəs aləmə keçidin simvoludur. İnanca görə, bu qapılar müqəddəs məkana, müqəddəs ruhların olduğu yerlərə girişi təmin edir. 
Bu gün Bakıda açılışı olan Zəfər parkında yerləşən Zəfər tağı da bizə müqəddəs qapıları xatırlatdı. Bu qapılar azadlığa, bütövlüyə və adını daşıdığı sonsuz zəfərə açılırdı sanki. 
 

Modern.az-ın əməkdaşı bu gün açılışı olan Zəfər parkında ziyarətə gələnlərin təəssüratlarını öyrənib.         

                                                                                    
Gilas Hüseynova: “44 günlük müharibədə vətənimizin bütövlüyü üçün həyatını itirən bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Onlar olmasaydı, Zəfər günümüz də olmayacaqdı. Biz artıq istədiyimiz vaxt azad Qarabağa gedə, tarixi yerləri gəzə bilərik. Mənim də ən böyük arzum Qarabağa getməkdir”.


İmran Rzayev: “Hər bir vətandaş kimi mən də qürurluyam. Bu günü bizə yaşadan şəhidlərimizə rəhmət diləyirəm. Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində böyük qələbəyə nail olduq. Əminəm ki, qələbəmiz əbədi olacaq. Bizdən sonrakı nəsillərə də bu zəfəri, qalibiyyəti miras qoyacağıq”. 
 

Ülviyyə Ağayeva: “Bu gün bizim üçün bayramdır, Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı, uzun ömür arzu edirəm. Şəhid anaların qarşısında baş əyirəm ki, o cür övladlar yetişdiriblər. Onlar bizim torpaqlarımızın bütövlüyünü bərpa etdilər, bizə zəfəri yaşatdılar”. 
 


Rüstəm Ramazanov: “Park çox möhtəşəmdir, giriş qapısı, abidənin görünüşü qələbəmizi çox gözəl təmsil edib. Bayaqdan parka çox sayda insan gəlir. Park istər yerli əhali, istərsə də turistlər üçün maraq doğurur, hamı ordumuzun, dövlətimizin yazdığı tarixlə fəxr edir”.  
 

Emin Musazadə: “Bu gün hamımız üçün dəyərli gündür, 30 il idi ki, ürəyimizdə Qarabağ yarası var idi, biz uşaqlıqdan bu yara ilə böyümüşdük. Şəhidlərimizin, cənab Ali Baş Komandanın sayəsində bu gün qalib xalq kimi yaşayırıq”.



Səba Həsənova: “Çox qürur duyuram. Mən əslən Tərtərdənəm, amma biz Qarabağda – Kəlbəcərdə, Şuşada böyümüşdük. Kəlbəcər mənim üçün ikinci vətən sayılırdı. Qızımla birlikdə bura gəlməyi özümə borc bildim”. 

Seçilən
8
modern.az

1Mənbələr