"2024-cü il noyabrın 1-nə olan məlumata görə, Rusiyanın beynəlxalq ehtiyatları 631,573 milyard dollar təşkil edib ki, bu da oktyabr ayının əvvəli ilə müqayisədə 0,34% (və ya 2,164 milyard dollar) azdır."
Valyuta.Az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının bəyanatında bildirilib.
2023-cü il noyabrın 1-nə olan məlumata görə, Rusiyanın beynəlxalq ehtiyatları 576,083 milyard dollar idi.
Oktyabr ayında xarici valyuta ehtiyatları 2,33% azalaraq 423,874 milyard dollar, ehtiyatlardakı monetar* qızılın dəyəri isə 3,97% artaraq 207,699 milyard dollar olub.
Rusiyanın beynəlxalq ehtiyatları Rusiya Mərkəzi Bankı və Rusiya hökumətinin sərəncamında olan yüksək likvidliyə malik xarici aktivlərdir. Bunlara xarici valyuta, Xüsusi Borcalma Hüquqları (SDR-lər), Beynəlxalq Valyuta Fondundakı ehtiyat mövqeyi və monetar qızıl daxildir. Rusiyanın Ukraynada xüsusi əməliyyata başlamasından sonra Qərb ölkələri Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etdilər. Bununla yanaşı, Rusiyanın qızıl və valyuta ehtiyatları donduruldu, eləcə də Rusiya Mərkəzi Bankının ehtiyat və aktivlərinin idarə olunması ilə bağlı bütün əməliyyatlar və bu bankın adından və ya göstərişi ilə fəaliyyət göstərən hüquqi şəxslərlə hər cür əməliyyatlar qadağan edildi.
* Monetar qızıl - mərkəzi bank və ya hökumətin valyuta ehtiyatı kimi saxladığı, beynəlxalq ödəniş və maliyyə əməliyyatlarında istifadə oluna bilən qızıldır.
Rəhim