AZ

Azərbaycan xalq-dövlət-ordu birliyi nəticəsində öz möhtəşəm qələbəsinə imza atdı - RƏY

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı, siyasi xadim və sərkərdə kimi mühüm keyfiyyətləri Vətən müharibəsində bir daha özünü parlaq şəkildə göstərdi. Bütün dünya 44 gün ərzində Azərbaycan xalqını və dövlətini təmsil edən görkəmli dövlət xadiminin yüksək intellekti, dərin zəkası, qətiyyəti, prinsipiallığı, sərkərdəlik məharəti qarşısında heyran qaldı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin dərin strateji düşüncəsi və sərkərdəlik qabiliyyətləri xalqımızın şanlı zəfəri qazanmasını təmin edən ən mühüm amil oldu".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.

O bildirib ki, mühüm döyüş planlarının hazırlanmasına və həyata keçirilməsinə bilavasitə rəhbərlik edən İlham Əliyevin sərkərdəlik məharəti, Şanlı Ordumuzun mətinliyi, şücaəti və qəhrəmanlığı Azərbaycan xalqını qalib xalqa çevirdi:

"Bu strateji düşüncənin nəticəsi idi ki, müharibənin ilk günlərində düşmən Azərbaycan Ordusunun əsas hücum istiqamətini düzgün müəyyənləşdirə bilmədi, qüvvələrinin mühüm bir qismini xüsusi ilə möhkəmləndirdiyi Ağdam cəbhəsində saxlamalı oldu. Bununla da, Azərbaycan Ordusu düşmənin gözləmədiyi halda şimal və cənub istiqamətlərində hücuma keçərək müharibənin ilk günlərindən strateji təşəbbüsü öz əlinə aldı. Müharibənin gedişində “Şuşasız bizim işimiz yarımçıq qalar” direktivini verən Ali Baş Komandan Azərbaycan Ordusunun möhtəşəm qələbəsini, düşmənin isə kapitulyasiyasını təmin edəcək istiqaməti göstərmiş oldu. 
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də özünü beynəlxalq müstəvidə xalqın haqq səsini dünyaya çatdıran mahir diplomat kimi göstərdi. Xalqımızın haqq savaşının ilk günlərindən etibarən dünyanın müxtəlif informasiya agentliklərinə verdiyi müsahibələrlə Prezident illərlə erməni təbliğatının ölkəmiz və Qarabağ həqiqətləri ətrafında yaratdığı yalan pərdəsini də darmadağın etdi. Prezident dünyanın nüfuzlu informasiya agentliklərinə verdiyi çoxsaylı müsahibələrdə öz tutarlı arqumentləri, yüksək zəkası və diplomatik məharəti ilə münaqişəyə dair həqiqətləri geniş auditoriyaya çatdırdı, dünya ictimai fikrində ölkəmiz və onun haqq işi ilə bağlı yaranmış qeyri-obyektiv nüansları aradan qaldırdı".

"Dünya ictimaiyyəti Azərbaycan Prezidentinin ortaya qoyduğu təkzibolunmaz faktlar və beynəlxalq hüquqa əsaslanan mövqeyi qarşısında əlacsız vəziyyətdə qalan Ermənistanın haqsız və işğalçı obrazı ilə daha yaxından tanış oldu. Prezident İlham Əliyevin bu fəaliyyəti sayəsində dünya birliyi Azərbaycan həqiqətləri ilə bir daha tanış oldu, bu isə öz növbəsində, ölkəmizə qarşı həyata keçirilən təxribatların da qarşısını almaqla, təcavüzkarın irili-xırdalı bütün himayədarlarını birdəfəlik yerində oturtdu. Prezident İlham Əliyev Azərbaycanın dövlət başçısı olduğu dövr ərzində əsası hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasəti layiqli şəkildə davam etdirərək xalqı vahid amal ətrafında səfərbər etdi. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində yaradılmış sarsılmaz xalq-dövlət-ordu birliyi nəticəsində Azərbaycan öz möhtəşəm qələbəsinə imza atdı. Son 200 ildə ilk dəfə olaraq işğal altına düşmüş Azərbaycan torpaqlarını geri qaytaran Prezident İlham Əliyev öz adını xalqımızın şərəfli tarixinə Müzəffər Ali Baş Komandan kimi əbədi olaraq həkk etdirdi!", - Milli Məclisin deputatı V.Qafarov əlavə edib. 

Seçilən
24
iqtisadiyyat.az

1Mənbələr