AZ

"Belə anlardan çıxış yolu tapmağı bacarırıq" - Ayxan Abbasov komandasını tənbeh edib

"Şamaxı" Misli premyer-liqasının 13-cü turunun açılış matçında "Neftçi"nin meydanından bir xalla ayrıldı - 2:2.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Bu gün bizim üçün, dövlətimiz üçün böyük bayramdı. Hər kəsi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı versin. Hər şeyi onlara borcluyuq. Oyuna gəlincə, ilk dörd dəqiqədə iki qol buraxdıq. Bundan sonra nəticəni dəyişmək çox çətin idi. Futbolçularım sona qədər döyüşdü. Hətta Kantariyanın sağlamlıq durumu ürəkaçan deyildi. Buna baxmayaraq, bizə kömək etmək istədi. Onsuz da son oyunlarda zədəlilərimiz olduğuna görə, tam heyətlə oynamırıq. Komandamı, rəhbərliyi təbrik edirəm.

- Yəqin ki, məşqçi karyeranızda ilk dəfə ilk dörd dəqiqədə iki qol buraxdız. Müdafiə xəttində nə baş verdi?
- Məşqçi karyerası sürprizlərlə doludu. Belə hadisələrin yaşanması normaldı. Oyunun əvvəli "Neftçi"nin futbolçularının ustalığından xəbər verdi. Yenə də ilk qoldan sonra hesabı bərabərləşdirə bilərdik. Rəqib topu boş qapıdan çıxardı. Komandamın fəallaşmasından hiss olunurdu ki, oyuna yaxşı kökləniblər. Məncə, ikinci qolda ofsayd xəttini çəkmək hakimlər üçün çox çətin oldu. "Sabah"la matçda da geridönüş etmişdik. Deməli, belə anlardan çıxış yolu tapmağı bacarırıq.

- Fasilədə komandaya nə dediz? Bir xalı qorumaq üçün tapşırıq verdiz, yoxsa daha bir qol tələb etdiz?
- Əvvəl ilk 5 dəqiqədəki oyunlarına görə hamısını tənbeh etdim (gülür). Bilirdim ki, "Neftçi" ikinci hissədə daha dinamik oynayacaq. "Neftçi" azarkeşləri dedi ki, siz futbol oynamırsız, önə atılmalısız. Cavab verdim ki, bəs nə oynayırıq (gülür)? Hərdən belə şeylər olur. Komandam istədiyim kimi mübarizə apardı. Belə davam etsə, irəlidə yaxşı hadisələr yaşana bilər.

KƏNAN BAHADIR

Seçilən
17
football-plus.az

1Mənbələr