8 Noyabr – Zəfər Günündə ilk dəfə olaraq Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqının (ATİAHİ) təşəbbüsü ilə Nabranda yerləşən "Təhsil İstirahət Mərkəzi"ndə Zəfər gününə həsr olunmuş "Alimlərin Zəfər düşərgə"si təşkil olunub.
“İki sahil”in məlumatına görə, ATİAHİ-nin dəstəyi ilə təşkil olunan düşərgədə Elm və Təhsil Nazirliyinin 100 alim əməkdaşı iştirak edib.
"Alimlərin Zəfər düşərgəsi"nin rəsmi açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və tarixi Zəfəri Azərbaycana bəxş edən Vətən müharibəsinin qəhrəmanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad edib. Azərbaycan Ordusunun hər bir əsgəri bu mübarizədə sarsılmaz əzm və cəsarət nümayiş etdirib. Hər bir şəhidin adı, hər bir qazinin xatirəsi bizim üçün unudulmazdır, çünki onlar bu torpağın qürurunun, azadlığının daşıyıcılarıdır.
M. Cəfərzadə 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu düşərgə iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışının sonunda Mirzə Cəfərzadə "Alimlərin Zəfər düşərgəsi"nin səmərəli, rəngarəng keçəcəyinə əmin olduğunu bildirərək, iştirakçılara uğurlar arzulayıb.
Çıxış edən Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov, Vətən müharibəsi iştirakçısı, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Samir Mustafayev və digər natiqlər düşərgənin təşkilinə görə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqına təşəkkürlərini bildiriblər.
Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev və sədr müavini Turanə Kərimova alimlərlə diskussiya şəklində fikir mübadiləsi aparıblar.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramı ilə davam etdirilib.
"Alimlərin Zəfər düşərgəsi"ndə Radiasiya Problemləri İnstitutunun Vətən müharibəsində mərdliklə döyüşmüş dörd əməkdaşı da iştirak edir.
Qeyd edək ki, 8-13 noyabr tarixlərində alimlərimizə maraqlı proqramlar təlimlər, əyləncəli yarışlar keçiriləcək.