AZ

Bakı Avrasiya Universitetində 8 Noyabr- Zəfər Günü keçirildi - Fotolar

Bakı Avrasiya Universitetində (BAAU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, professor Hikmət Məmmədov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, universitetin qazi tələbələri, eləcə də BAAU-nun akademik və inzibati heyəti iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov Zəfər Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışaraq şəhidlərimizin ruhuna Allahdan rəhmət, qazilərə şəfa diləyib. Bu tarixi qələbənin Prezident İlham Əliyevin qətiyyətli liderliyi və xalqın həmrəyliyi sayəsində əldə olunduğunu vurğulayan rektor, Vətən Müharibəsinin milli qürurumuzun yüksəlməsində önəmli bir mərhələ olduğunu qeyd edib. O, Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinlikləri əzmkarlıqla dəf etdiyini və bu qələbənin xalqımızın sarsılmaz iradəsinin bəhrəsi olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Hikmət Məmmədov çıxışında Zəfər Gününün hər bir azərbaycanlı üçün əhəmiyyətindən bəhs edərək bu qələbənin sadəcə hərbi deyil, mənəvi və ideoloji bir zəfər olduğunu bildirib. Bu zəfərlə ermənilərin 30 ilə yaxın davam edən işğalına son qoyduğunu qeyd edən deputat, Vətən müharibəsinin təkcə hərbi əhəmiyyət daşımadığını, həm də xalqın gücünün və milli iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. 

Sonra tədbirin proqramına uyğun olaraq çıxışlar davam edib. Politoloq İlyas Hüseynov, universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Vətən Müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, hərbi ekspert Ramil Məmmədli, AVMVİB-in Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev və universitetin qazi tələbəsi Əlizamin Talıbzadə çıxış edərək əldə edilən zəfərin hərbi, iqtisadi və siyasi tərəfləri, Azərbaycan ordusunun qəhrəmanlığı və qələbəsinin əhəmiyyətindən danışıb, onun milli və mənəvi dəyərlərə təsirindən söhbət açıblar.

Sonda şəhid atası Vahid İsgəndərova övladı, şəhid Anar İsgəndərovun ölümündən sonra BAAU-nun Regionşünaslıq və İqtisadiyyat fakültəsinin fəxri məzunu kimi Fəxri Diplom təqdim edilib. BAAU-nun rektoru S. Qasımov şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə AVMVİB-in Sabunçu rayon şöbəsi tərəfindən Fəxri Fərmanla təltif edilib.













Seçilən
19
qafqazinfo.az

1Mənbələr