AZ

“İkinci liqaya yüksələndən sonra oyunlarımız Xankəndidə ola bilər” - İbrahim Uzunca hədəflərini açıqladı

Bilindiyi kimi, cari mövsümdən “Xankəndi” fəaliyyətə başlayıb. “Qarabağ”la MOİK arasında kubok oyununun keçirildiyi Xankəndi stadionunun sahibi artıq hər kəsə bəllidi.

Lakin Region Liqasında mübarizə aparacaq klub hələ ki həmin stadionda oynamayacaq. “Xankəndi” uzun illərdi ölkəmizdə çalışan tanınmış məşqçi İbrahim Uzuncaya tapşırılıb.

- Əvvəlcə “Xankəndi”nin yaranması, sizin komandaya gəlişinizlə bağlı soruşum. Klubla rəsmi müqavilə bağlamısızmı?

- “Xankəndi”nin yaranması işğaldan azad olunmuş şəhərlərdən Xankəndi üçün çox önəmli bir qərardı. Bu komandanın yaranmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Təklifə gəlincə, “Xankəndi”nin hədəfinin böyük olduğunu, yəni çempionluq olduğunu danışdıq. Mən də hədəfi olan, yeni yaradılan bir komandada çalışmaqdan məmnunluq duydum və bu təklifi qəbul etdim. Burdakı hədəfimizə çatmaq üçün can-başla çalışacağıq. Mən 17 ildi Azərbaycandayam. Azərbaycan futboluna uşaq yetiştirmək üçün çalışıram. “Xankəndi”ni layiq olduğu 2-ci liqaya çıxarmaq üçün əlimizdən gələni edəcəyik. Rəhbərimiz Elnur Məcidov və ortaq dostlarımız sayəsində bu klubla anlaşdım.

- Axı yayda “Füzuli” ilə üçillik müqavilə bağlamışdız. Necə oldu ki, ordan ayrılmalı olduz?

- Bəli, "Füzuli" ilə anlaşmışdıq. Vasif bəy də hədəflərinin böyük olduğunu söyləmişdi. Amma bəzi şeylər alınmadı. Oyunçularla bağlı və ya ediləcək dəstəkdən dolayı sıxıntıları vardı. Alınmadı, başlaya bilmədik. Onsuz da müqavilə də imzalamamışdıq. Sözdə anlaşmışdıq. "Xankəndi"yə gəlməyimdə Vasif bəyin də rolu oldu. Burda da hədəflər böyükdü. Uğurlu olmaq üçün can-başla çalışacağıq.

- “Xankəndi”nin nə vaxtsa yaranması gözlənilən idi. Amma indiki vəziyyətdə imkanlar, infrasktruktur icazə verirmi ki, klub rahat fəaliyyət göstərsin?
- İşlər yavaş-yavaş yoluna düşür. "Xankəndi" ilə üçillik anlaşmışam. Qarşıda nələrin necə olacağını görəcəyik. O adı yaşatmağa, tanıtmağa çalışacaqıq.

- Komandanın heyətini formalaşdırmısızmı? “Xankəndi” başqalarından necə seçiləcək?

- Heyət baxımından bir az əskiyimiz var. Amma yaxşı komanda formalaşdırmaq istəyirik. Hazırda 20-22 futbolçumuz var. Bəzi əskikləri tamamlayıb yolumuza davam etdirmək istəyirik.

- Yaxın gələcəkdə komandanın Xankəndi stadionunda oynamaq imkanı olacaqmı?

- Xankəndidə oyunların keçirilməsinə çalışırıq. Yaxın zamanda da qrup şəklində Xankəndini ziyarət etməyə gedəcəyik. Ordakı stadionu görməyi, orda məşq etməyi planlaşdırırq. Belə istəyimiz var. Mənə elə gəlir ki, 2-ci liqaya yüksələndən sonra oyunlarımız orda ola bilər. Yaxud da zaman-zaman gedib orda oyun keçirmək, ordakı azarkeşləri hazırlamaq kimi hallar ola bilər.

- Region Liqasında oynayan komandalar peşəkar liqaya qalxmağı bacarsalar da, maliyyə imkansızlığı üzündən tezliklə eniş yaşayır, bəzən də fəaliyyətini dayandırmalı olur. “Xankəndi”nin hədəfi nədi?

-  Region Liqasında çempion olub peşəkar liqada davam edən klublar bəzi maddi sıxıntılar yaşayır. Futbolçu tapmaq baxımından da. Amma “Xankəndi” ilə bağlı vəziyyət yaxşı olacaq. Ümidvaram ki, “Xankəndi”nə mütləq sahib çıxacaqlar.

- Region Liqasında bu mövsüm daha çox komanda iştirak edəcək. Çempionat nə vaxt başlayır, hazırlıq görürsüzmü?
- Region Liqasında 60-a yaxın komanda var. Bu ayın sonunda, yəni COP-29-dan sonra liqanın başlayacağını gözləyirik. Hazırda çalışır, həftədə iki dəfə məşq edirik. Hazırlıq oyunları keçirəcəyik. Hələ ki bir qədər məhdudiyyətlər var.

 - Uzun müddətdi Azərbaycanda işləyirsiz. Mahir Emreli, Vüqar Mustafayev, Vadim Abdullayev, Rəhman Hacıyev, Şəhriyar Əliyev, Aqil Məmmədov kimi futbolçuları ölkə futboluna bəxş etmisiz. Bəs sonrakı planlarınız nədi?

-  17 ildi Azərbaycandayam. Əvvəl "Bakı"da, sonralar "Quba Şahdağ", "Xəzər-Lənkəran"da çalışmışam. Hazırda "Bakı Karagümrük" futbol məktəbində Azərbaycan futbolu üçün uşaqlar yetişdirməklə məşğulam. Tələbələrim çoxdu. Yəni bura uzaq bir məşqçi deyiləm, qəribçilik çəkmirəm. Ən böyük hədəflərimdən biri Azərbaycan futboluna oyunçu qazandırmaqdı. Bunu da bacarmışam. Bundan sonra da "Xankəndi" ilə davam etdirməyə çalışacam.

RÖYANƏ OĞUZ

Seçilən
27
football-plus.az

1Mənbələr