Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr - Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.
SİA xəbər verir ki, bu münasibətlə Tbilisidə bayram tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin üzvləri, tələbə-gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Sonra şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Səfir Faiq Quliyev Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixindən danışıb, müstəqilliyin ilk illərində qarşılaşdığı problemlər barədə məlumat verib. Bildirib ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan dövləti möhkəmləndi, inkişaf etdi. Ordu quruculuğu da xüsusi diqqət mərkəzində olub. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri yenidən quruldu, ordunun maddi-texniki bazası möhkəmləndirildi. Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad olunması üçün bütün zəruri tədbirləri görüb. Lakin işğalçı Ermənistan öz məkrli siyasətindən əl çəkməyəcək daha azğınlaşmışdı. Nəhayət, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də düşmənə qarşı əks hücuma başladı. Çətinliklərə baxmayaraq Azərbaycan Ordusu 44 gün ərzində tarixdə misli görünməmiş bir qələbə qazanıb və torpaqlarımızı işğaldan azad edib.
Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi və Azərbaycanfilm Kinostudiyasının Zəfər Gününə ilə bağlı çəkdiyi "Biz" sənədli filmi nümayiş etdirilib.