AZ

8 Noyabr - Zəfər Günü münasibətilə Praqada tədbir keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində ölkə ictimaiyyətinin nümayəndələri və soydaşlarımızın iştirakı ilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən səfir Adış Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşdiyini, Müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək əzəli torpaqlarımızı erməni işğalından azad etdiyini bildirib. Səfir azad olunmuş ərazilərimizdə üçrəngli Dövlət Bayrağımızı qaldırmış bütün igid oğullarımıza bir daha minnətdarlığını ifadə edərək, şəhidlərimizin əziz xatirəsinin ehtiramla anıldığını vurğulayıb.

A.Məmmədov 8 Noyabr - Zəfər Gününün müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışaraq, dörd il öncə Azərbaycanın torpaqlarını işğaldan azad etməklə təkcə öz ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirdiyini qeyd edib. Səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirərək, 30 ilə yaxın mövcud olmuş münaqişəni geridə qoyduğunu və nəhayət onilliklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin artıq öz doğma evlərinə təhlükəsiz şəkildə geri dönə bilmələri üçün hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırıb.

Səfir hazırda regionda yeni reallıqların yarandığını, sülh və sabitliyin möhkəmləndirilməsi, regionun yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəminin mövcud olduğunu bildirib. O, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri, habelə əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq etdiyini deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərini “yaşıl enerji” zonası elan etdiyini, bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını xatırladan səfir, ölkəmizin ən qabaqcıl və innovativ texnologiyalardan, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasından istifadə edərək yeni yaşayış məntəqələrində yaradılmış şərait barədə ətraflı məlumat verib.

Tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarxlar, “Biz” sənədli filmi və fotomateriallardan hazırlanmış stendlər nümayiş olunub. Daha sonra tədbir Zəfər Günü ilə bağlı aparılan fikir mübadilələri ilə davam edib.

Seçilən
40
ikisahil.az

1Mənbələr