AZ

Xalq bayrağı ilə tanınır, var olur, əbədiləşir!

9 noyabr - Dövlət Bayrağı Günüdür

Torpaq Vətən deməkdir, Vətən isə dövlətdir. Dövlətin rəmzi mənsub olduğu xalqın kimliyinin, düşüncə tərzinin, milli- mənəvi sərvətlərinin heç bir meyarla ölçülməyən dəyəridir. Varlığını bildirən, suverenliyini təsdiqləyən atributdur. Xalqın qürur mənbəyi, insanları ətrafında birləşdirən, yenilməzlik ruhu aşılayan, məfkurəsini formalaşdıran inam, güvən, and yeridir.

İlk dəfə 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının yerləşdiyi binada dalğalanan Azərbaycanın Dövlət Bayrağı elə o günlərdə də düşmənə göz dağı idi. Şərqdə ilk demokratik respublika kimi cəmi 23 ay yaşayan AXC Ruşiya imperiyası tərəfəindən süquta uğrdılasa da xalqımızın milli ideyaları, mübarizə əzmi yaşadıldı, qorundu.

… 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, el ağsaqqalı Heydər Əliyevin başçılığı ilə keçirilən sessiyada dövlət atributlarının bərpası ilə bağlı məsələ müzakirə olundu. AXC-nin qısamüddətli hakimiyyəti dövründə qəbul olunmuş müqəddəs, üçrəngli Bayrağın muxtar respublikanın Dövlət Dayrağı kimi bərpa olunması bir səslə qəbul edildi. Bu Bayrağın dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.
 Müstəqil ölkə kimi beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycanın varlığını bildirən Dövlət Bayrağımız xarici ölkələrdə dalğalanmaqla Azərbaycanı dünya birliyində tanıtdı. Səsimiz sərhədlərimizdən çox-çox uzaqlarda eşidildi.

Milli istiqlal ideologiyamızın təməl prinsiplərindən olan «Türkçülük, müasirlik, islamçılıq» rəmzlərini bayrağımızda təsvir olunan rənglərində yaşadan, Azərbaycanın varlığının, milli kimliyimizin təsdiqi olan bayrağımız artıq ölkəmizin hər qarış torpağında qürurla dalğalanır. Ümummilli Lider Heydər Əliyevin «Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa , dövlətə olan məhəbbətə bərabər olsun» sözlərinin təsdiqi 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki Zəfərimizin müjdəçisi kimi işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanmasıdır.

 İlk dəfə hakimiyyətə gələndə Prezident kimi Dövlət Bayrağımız qarşısında müqəddəs Qurani-Kərimi öpüb and içən cənab İlham Əliyev dövlət başçısı kimi üzərinə düşən vəzifələri yerinə yetirəcəyi vədini verdi. Əminliklə bildirdi ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə, yüksəkliklərdə qaldırılacaq. Xalqla birlikdə bu müqəddəs məqsəd naminə düşünülmüş siyasəti, qətiyyəti ilə addımlayan Prezident İlham Əliyev bu amal uğurunda mübarizlik göstərərk xalqa verdiy sözü yerinə yetirdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki Zəfərimizlə Azərbaycan Bayrağı respublikamızın hər yerində, əlçatmaz yüksəkliklərdə, sərhədboyu ərazilərdə dalğalanır. Vətən müharibəsində Bayrağımızı canı, qanı ilə qoruyan, ölümsüzlük dastanı yazaraq düşmənə göz verən şəhidlərimiz son məqamda varlığı ilə qoruduqları bayrağa bürünərək, rahatlıq taparaq, Vətənə hesabat verərək müqəddəs torpağa qovuşdular. Nahaq deyilməyib ki, başımın üstündə Bayrağım dalğalanırsa, mən vüqarlıyam, azadam, ölkəm müstəqildir, suveren dövlətim var. Xoş günlərimizdə, zəfərli çağlarımızda sevincimizə şərik olaraq ucalara boy verən Bayrağımız qəm sirdaşı kimi elin kədərli anlarında da hüznlənir, birlik rəmzi kimi enərək «sıralarımıza qoşulur.»

Ulu Öndər Heydər Əliyevin «Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir», «Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir» sözləri gənclərimizdə vətənpərvərlik duyğularını gücləndirdi.

Dövlət rəmzlərimizə sadiqliyi, hörmət və ehtiramını «Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu Bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev ölkədə milli birlik və həmrəyliyi gücləndirməklə 44 gün davam edən İkinci Qarabağ müharibəsində milliyyətindən, dini etiqadından asılı olmyaraq Azərbaycan xalqını müqəddəs Bayrağımız altında birləşdirdi. Elə o məqamlarda sözümüzə imzamız qədər dəyər verdiyimizi möhür kimi təsdiqləyən varlığımızın rəmzi Zəfər soraqlı Bayrağımız oldu.

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında Bayraq Meydanının yaradılması, Dövlət Bayrağı Gününün təsis olunması varlığımızı təsdiqləyən rəmzimizə hörmət və ehtiramın ifadəsi idi.

2016-cı ilin Aprel döyüşlərində işğaldan azad olunmuş ərazilərimizdə dalğalanan Bayrağımızın ermənilərin əsarətində qalan digər rayonlarda da ucaldılacağını bəyan edən Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyəti ilə bu vədini reallığa çevirdi, insanların torpaq həsrətinə son qoydu. Dövlət başçısı kimi «Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək» sözlərini qalib, Müzəffər Ali Baş Komandan kimi yerinə yetirən İlham Əliyevin işğaldan azad olunan ərazilərimizdə dalğalandırdığı Bayraqlarımız şəhidlərimizin ruhuna rahatlıq gətirdi. «Dünən var idik, bu gün yaşayırıq, sabah da olacağıq» ideyasını əbədiləşdirdi. Siyasi pasportumuz, mənəviyyatımız, milli təfəkkür və məfkurəmiz, kimliyimiz, əbədiyyət, müqəddəslik simvolu, qürur mənbəyimiz olan bayrağımız düşmənə ən ağır zərbə, göz dağı kimi hər yerdə dalğalandı.

«Bizim Bayrağımız qürur mənbəyimizdir. Bizim Bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır» söyləyən Prezident İlham Əliyev Ali Baş Komandan kimi işğaldan azad olunmuş ərazilərdə Bayrağımızı ucaltmaqla qüdrətli Azərbaycanın yenilməzliyini dünyaya bəyan etdi.

Dövlət rəmzlərimizə sadiqliyini, hörmətini və ehtiramını «Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim Bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev ölkədə milli birlik və həmrəyliyi gücləndirməklə 44 gün davam edən İkinci Qarabağ müharibəsində milliyyətindən, dini etiqadından asılı olmayaraq Azərbaycan xalqını müqəddəs Bayrağımız altında birləşdirdi.
Qürur mənbəyimiz olan Bayrağımız 44 gün davam edən Vətən müharibəsində düşmənə ən güclü, müasir silahlardan da ağır zərbə vurdu. Erməni mifini, separatizmi dağıtdı, daşnaklara, onların havadarlarına göz dağı oldu. «Bax, burada oturmuş özünü «prezident»” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü «baş nazir”» adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü «xarici işlər naziri»” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara» sözləri ilə erməni separatizmini yox edən Prezident İlham Əliyev bu kəlamları ilə Bayrağımızın müqəddəsliyini bildirir. Azərbaycandan oyuncaq rejim Qarabağa «səfir» göndəriləcəyi sərsəmləmələri ilə xəyala dalan «nazir» indi ölkəmizdə Dövlət Bayrağımızın dalğalandığı təcridxanada səfildir.

«Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik» sözləri ilə Ali Baş Komandan kimi də vədinə sadiq qalan Prezident İlham Əliyev beynəlxalq tədirlərdə Bayrağımız altında Azərbaycan həqiqətlərini dünyaya bəyan edirdi.

Şuşanın, Laçının, Xocalının, Xankəndinin… işğaldan azad edildiyi gün küçələrə toplaşan insanların əllərində, maşınlarda dalğalanan bayraqlarımız xalqımızın biri-birinə gözaydınlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevlə həmrəylik rəmzi idi. Laçın sərhəd keçid- buraxılış məntəqəsi açılan günlərdə acizliklərini ərazidə ucaldılan Bayrağımıza qarşı təxribat törətməklə bildirən Qarabağ separatçıları heç nəyə nail ola bilmədilər. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Cansu Bek­taşın «Aldığım medalı azər­baycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızda­yıq!» sözləri Bayrağımızı yandırmaqla özünü qəhrəman hesab edən «aramçiklər»ə Turan yenilməzliyinin, Türkiyə- Azərbaycan qardaşlığının zərbəsi oldu.

Respublikamızda keçirilən mühüm beynəlxalq tədbirlərdə varlığımızın simvolu olan Dövlət Bayrağımızın növbəti ünvanı qarşılamağa hazırlaşdığımız COP29-un rəmzi kimi də varlığımızı dünyaya bəyan edəcək. Ölkəmizdən planetimizin bütün güşələriniə ünvanlanacaq «Yaşıl dünya naminə birləşək!» həmrəylik çağırışına bələdçilik edəcək. Üçrəngli Bayrağımıza özünün, xalqının sevgi və ehtiramını

Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı Vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!

sətirləri ilə bildirən Xalq şairi Bəxtiyar Vahabzadənin bu sözləri ölkəmizə gələn qonaqlara Azərbaycan vətəndaşlığının, milli ideologiyamızın, təfəkkürümüzün, yenilməzliyimizin vizit kartıdır.

«Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» söyləyən Prezident İlham Əliyev isə milli ideologiyamızı, varlığımızı, suverenliyimizi qoruyan əbədi hər bir vətəndaşı bayraq kimi ətrafında birləşdirən yenilməz Sərkərdədir.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
38
ikisahil.az

1Mənbələr