Azadlığı ilə Azərbaycana zəfər yaşadan mədəniyyət paytaxtımız Şuşa zəngin sənətkarlığı, al-əlvan, rəngarəng təbiəti ilə rəssamların da hər zaman diqqət mərkəzində olub.
Modern.az Şuşanın təsvir olunduğu bəzi əsərləri təqdim edir.
Səttar Bəhlulzadə 3 ay Şuşada qaldığı müddətdə burada çəkdiyi 70-dən çox eskizin əsasında “Cıdır düzü” (1956-1957), “Şuşanın yaxınlığında”, “Yuxarı Daşaltı”, “Çaxmaq meşəsi” (1956-1957), “Dumanlı dağlar”, “Qarabağ mənzərəsi” (1957), “Qarabağda” (1959), “Qarabağ motivi” (1950-ci illər) kimi mənzərə əsərlərini yaradıb. Qarabağ mənzərələri silsiləsindən ən uğurlu olanı “Yuxarı Daşaltı” tablosu hesab edilir.
Rəsm Qarabağın dağlıq bölgəsinin xarakterik mənzərəsini təsvir edir. Rəsm əsərində sübh tezdən, son ulduzların yenicə söndüyü təsvir edilib. Gümüş-ağ sis çadrasının üstündə qarlı dağ zirvəsinin əzəmətli silueti də görünür. S.Bəhlulzadə özünə xas rəng keçidlərinin ən dəqiq qradasiyasını təsvir edir və bu mənzərəyə baxdıqda, zehni olaraq bütün təbiəti hərəkətdə təsəvvür etmək mümkün olur.
Rəssam Mahmud Tağıyevin yaradıcılığı çox çalarlı olsa da, onun əsas mövzularından biri Qarabağ təbiətidir. Əsasən Şuşada olduğu müddət çəkdiyi "Şuşa topxanası", "Yaylaqda", "Şuşa lalələri" kimi rəsmlərində özünəməxsus tərzi özünü göstərir. Onun 1960-cı ildə kağız üzərində çəkdiyi “Şuşa” isə yaradıcılığının ən yaxşı tablolarından biri hesab edilir.
Əsərdə Şuşa mənzərəsi Cıdır düzündə, yaz fəslində təsvir edilib. Səmanın çəhrayı çalarları dan yerinin söküldüyü vaxtı göstərir. Eyni zamanda quşların topa şəkildə təsviri, çəmənlik və güllərin ahəngi tabloya xüsusi yaz aurası qatır. Bu mənzərəyə baxdıqda, ruhən həmin ab-havanı duymaq mümkündür.
Kamil Xanlarovun da yaradıcılığında mənzərə janrına üstünlük təşkil edir. Lirik emosionallıq, kolorit ustalığı rəssamın əsərlərinin əsasını təşkil edir. Yaradıcılıq ezamiyyətlərində olarkən ölkənin bir sıra bölgələrini gəzən rəssam füsunkar təbiət lövhələri yaradıb. Bunlar içərisində “Şuşanın ətrafı” (1957), “Murovdağın görünüşü” (1972), “Araz sahilində” (1965), “Noraşen vadisi” (1968), “Cənub sərhədində” (1972), “Mənzərə. Şuşa” (1983) kimi əsərləri misal göstərək olar. Kamil Xanlarovun 1964-cü ildə kətan parça üzərində təsvir etdiyi “Şuşa” mənzərəsi isə melonxonik tərzi, sərt lirikası ilə digər əsərlərindən daha çox fərqlənir.
Bu rəsm axşamüstü, dağların arasında yerləşən Şuşa sakinlərinin evlərini təsvir edir. Rənglərin ton ahəngliyi, soyuq və isti rənglərin növbələşməsi bir nöb kolorit tarazlığı yaradıb və bu bir tərəfdən Şuşanın füsünkar təbiətini göstərir, digər tərəfdən isə qışa hazırlaşan təbiətin sakitliyini, kimsəsizliyini özündə əsk etrir. Tablo son dərəcə fərdi dəsti-xətii ilə seçilir. Mənzərəyə baxdıqda evlərin içindəki ab-havanı belə duymaq mümkün olur.