Kulis.az Rəvan Cavidin Azərbaycanın "Fəxri qonaq" kimi qatıldığı 41-ci İstanbul Beynəlxalq Kitab Festivalından təəssürat yazısını təqdim edir.
Rəsmi hissə
İstanbulda... Dünyanın mərkəzində, Şərqlə Qərbin bir-birinə körpü atdığı, bir dövrün sonu, digər bir dövrün başladığı, xüsusi estetikası; məscidləri, rəngli evləri, qağayıları, balıqçıları, simitçiləri, sahhafçıları, sahilləri olan şəhərdə dostlarımla görüşdüm. Mən Bakıya gedə bilməsəm də, Bakı və xatirələrim İstanbula - 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinə gəlmişdi. İstanbulda eyni yerləri hər gün gəzsəniz də, hər dəfə yeni macəranın, yeni bir səsli xatirənin sahibi olursunuz. Bu böyük şəhər hər dəfə fərqli üzü ilə sizi təəccübləndirə bilir. Bəlkə də bu qədər insan qələbəliyinə rəğmən, hələ də məhz bu cür macəralarına görə sevilir. Mənim budəfəki xatirələrimin ünvanı isə kitab festivalı oldu.
Hər il keçirilən və dünyanın ən böyük kitab festivallarından biri olan İstanbul Beynəlxalq Kitab Festivalının qırx birincisində Azərbaycan fəxri qonaq kimi iştirak etdi. Ölkəmiz ilk dəfə idi, bir kitab festivalının fəxri qonağı olurdu. Böyük tərkibdə heyətlə bu mədəniyyət hadisəsinin bir hissəsi olmuşduq. Yazarlar, şairlər, mədəniyyət və incəsənət adamları, naşirlər, jurnal və qəzetlərin redaktorları Bakıdan İstanbula Azərbaycanı təmsil etmək üçün gəlmişdi.
Əvvəlcə burada yaşayan biri kimi deyə bilərəm ki, Türkiyə oxucularının Azərbaycan ədəbiyyatı haqqında təsəvvürləri çox məhduddur. Əgər bədii ədəbiyyatla maraqlanmayan biridirsə, iki-üç klassik şairdən başqa heç kimi tanımaz. Yazı-pozu adamları, hazırlıqlı oxucular isə ədəbiyyatımızı bizim onların ədəbiyyatını bildiyi səviyyədə bilmir. Bu baxımdan, belə bir mötəbər tədbirdə ədəbiyyatı və mədəniyyətimizi təmsil etmək çox faydalı vəsevindirici idi. Digər festivallardan fərqi isə təkcə ölkəmizin fəxri qonaq qismində iştirakı deyildi. Budəfəki heyətin əksəriyyətinin gənc nəslə aid olması diqqət çəkirdi. Yazarlar, şairlər, həmçinin naşirlər də gənclərdən seçilmişdi. Qoca mədəniyyətin yeni simaları qədim şəhərdə öz ədəbiyyatlarını təqdim edirdi. Festivalın mənim üçün dəyərli, bir az da sentimental olan tərəfi haqqında bir azdan danışacam. Əvvəlcə tədbirlərin real mahiyyəti, mənə görə uğurlu və qüsurlu tərəfləri haqqında yazmaq istəyirəm.
Azərbaycanın mədəniyyəti və ədəbiyyatını tanıtmaq üçün üç gün davam edən xüsusi stenddə fərqli nəşriyyatlarda çap edilmiş kitablar, dərgilər, Türkiyə türkcəsinə tərcümə olunmuş azərbaycanlı müəlliflərin kitabları, Azərbaycan tarixi, incəsənəti haqqında kitablar var idi. Üçgünlük proqrama imza saatları, kitab təqdimatları, ədəbiyyat müzakirələri, nəşriyyatların və yayım evlərinin müzakirə panelləri, musiqi saatları, rəqslər daxil edilmişdi. Festival çərçivəsində "Azərbaycan-Türkiyə modern şeiri", "Sosial media dövründə yazmaq", uşaq ədəbiyyatı, "Yeni Azərbaycan hekayəçiliyi və romançılığı", "Azərbaycanda nəşriyyat mədəniyyəti", "Çağdaş Azərbaycan şeirinin inkişaf mərhələləri" mövzularında müzakirələr keçirdi. "Səninləyik, Türkiyə!", Yevgeni Bertelsin "Azərbaycanın böyük şairi Nizami", Aşıq Mikayıl Azaflının şeirlər toplusu, Vaqif Səmədoğlunun "Ben burdayım, Tanrım", Süleyman Çələbinin "Mevlid", Şəmil Sadiqin "Odərlər" kitablarının, Türkiyənin məşhur "Hece" dərgisinin Azərbaycan ədəbiyyatına həsr edilmiş sayının təqdimatları baş tutdu. Türkiyə türkcəsinə uyğunlaşdırılmış Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi", Qismət Rüstəmovun "Gələcəyin tarixi", Günel Şamilqızının "Div olsa, nə fərqi var?", Fərid Hüseynin "Yalan Bayramı", Dilqəm Əhmədin "Son dayanacağı İstanbul olan azərbaycanlılar" və mənim "Absurd menyu" kitablarının imza saatları keçirildi. Bunlardan başqa, musiqi saatları və nəşriyyatlar arasındakı əlaqələri təmsil edən tədbirlər baş tutdu. Bu tədbirlərin və müzakirələrin çoxunun gənclər tərəfindən aparılması festivalın bizim adımıza ən yaxşı tərəfi idi. Ədəbiyyatı yeni nəslin gözündən təqdim etmək, təmsil etmək faydalı idi. Bakıdan gələn qonaqların siyahısı da daha çox gənclərin və çağdaş ədəbiyyatımızın üzünü göstərirdi. Festivala qatılan yazıçı və şairlərin içində Xalq yazıçısı Elçin, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, şair Səlim Babullaoğlu, tarixçi yazar Əkbər Nəcəf, şair Əkbər Qoşalı ilə bərabər Fərid Hüseyn, Aqşin Yenisey, Qismət Rüstəmov, Şəhriyar Del Gerani, Nərmin Kamal, Cavid Zeynallı, Sahilə Yaya, Günel Şamilqızı, Ulucay Akif, ədəbiyyatşünas Ülvi Babasoy, araşdırmaçı yazar Dilqəm Əhməd və bəndəniz var idi. Uşaq ədəbiyyatını isə Sevinc Nuruqızı və Solmaz Amanova təmsil edirdi. Məşhur nəşriyyatlarımızın - "TEAS", "Alatoran", "Çapar", "Hədəf", "Parlaq imzalar", "Libra" və digərlərinin naşirləri və əməkdaşları da sərgiyə qatılmışdı. Mənsum İbrahimovun mini konserti ilə stendlərimizə baş çəkənlərin və Azərbaycan xalq musiqisi ilə maraqlananların sayı da çoxaldı.
Digər illərə nisbətən bu il festivala az adam gəldi. Ziyarətçilərin sayı keçən illərə nisbətən az idi. Buna baxmayaraq tədbirlərdə və imza saatlarında qələbəlik olurdu. Bu qələbəlikdən Azərbaycan stendləri çox az pay aldı. Səbəb isə təqdimatın gözdən uzaq və hazırlıqsız olması idi. Ümumiyyətlə, sərgi salonunun ən böyük mənfi cəhəti Beynəlxalq salonun çox uzaqda seçilməsidir. Azərbaycan stendinin yanında sadəcə, Türkiyə Mədəniyyət Nazirliyinin stendi var idi. Salonun böyük bir hissəsi boş-bekar qalmışdı. İki qardaş yenə tək görünürdü qırmızı xalıların üstündə. Və bu boşluq oxucuların da diqqətini yayındırırdı. Salonda cəmi iki stend görən oxucuların çoxu geri qayıdırdı. Azərbaycandan gətirilən kitabların seçimi diqqətəlayiq idi. Hər nəsildən, hər janrdan, hər nəşriyyatdan kitab var idi. Amma bu zəngin irsi təqdim edən kitabçılar yox idi. Bundan əvvəlki iki festivalın ziyarətçisi, müşahidəçisi kimi deyə bilərəm ki, Fəxri qonaq qismində qatıldığımız bu mötəbər festivalda ədəbiyyatımızı daha yaxşı təqdim edə bilmək üçün təşkilatçılıq işlərini mükəmməlləşdirə bilərdik.
Çatışan və çatışmayan bütün tərəfləri ilə festival çərçivəsində türk ailələrinə, tələbə evlərinə, məktəbli kitabxanalarına ayaq açan hər Azərbaycan kitabı bizi təmsil etdi. Və ümid edək ki, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə tanış olanlar daha çox oxumaq, bilmək istəyəcəklər.
***
Bakı üçün darıxmışdım. Bakı üçün İstanbulda darıxmaq üçün darıxmışdım. Bakıdakı dostlarım üçün darıxmışdım. Onlarla etdiyim söhbətlər üçün darıxmışdım. Darıxmışdım. Gəncliyimin salxım dövründə ədəbiyyatı, şeiriyyatı söhbətlərindən öyrəndiyim, tükənməz həvəslə məni kitablara, mətnlərə vərdiş etdirən dostlarımla İstanbulda dörd günün xatirəsini zehnimə və gündəliyimə yazmaq məni məsum bir xoşbəxtliyin içinə atmışdı. Onlardan bəziləri ilə İstanbulu bir neçə dəfə gəzmişəm, bəziləri ilə isə ilk dəfə idi bu əsrarəngiz şəhərə bərabər baxırdıq. Səmimi məclislərin, gülüşlərin, söhbətlərin, heç vaxt yadımdan çıxmayacaq epizodların bol olduğu dörd payız günü ömürdən keçdi.
Bizi təkcə ədəbiyyat və kitablar birləşdirmirdi. Bizi bu şəhər haqqındakı təsəvvürlərimiz də birləşdirirdi. İstanbulu gəzməyin özü də sənətdi. Ona baxmaq, onu görmək, onu hiss etmək də xüsusi istedad tələb edir. İstanbul bütün şəhərlər, meqapolislər kimi deyil. Burada hər küçə səni yeni bir hadisənin, köhnə bir tarixin içinə atır. Bizim hamımız bu məchul macəraya hazır adamlar idik. Hətta bunun baş verməsi üçün İstanbula inad, asta-asta yeriyib gələcək olan xatirənin həyəcanını yaşayırdıq. Kitablardan oxuduğumuz İstanbulla yaşadığımız, gördüyümüz İstanbulu müqayisə edəndə anlayırdıq ki, bu şəhər təkcə istanbulluların deyil, bu şəhər onu anlaya bilənlərindir. Çünki bir hekayənin içində biz də İstanbula aid idik. Biz də onun boğazın qoxusuna bürünmüş küçələrinin sakinləri idik. İstanbulun hər səmtində bizim bildiyimiz bir hekayə var idi. Və biz o hekayəni İstanbulda yaşayıb onu anlamayanlara həvəslə oxumağa hazır idik. Bəlkə də buna görə gəlmişdik.