AZ

“Rimas Kurtinaytis Avropa basketbolunun əfsanəsidi” – “Sabah” 5 məğlubiyyətdən sonra da baş məşqçisinə inanır?

Bilindiyi kimi, “Sabah” basketbol klubu Avropa Kubokunda keçirdiyi 5 oyunun hamısında uduzub.

Halbuki komandanın baş məşqçisi Rimas Kurtinaytis hətta Avroliqada oynamağa qadir heyət qurması ilə öyünürdü. Bəs nə oldu? Total uğursuzluqlardan sonra Kurtinaytisin göndərilməsi gündəmdədimi?

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Kənan Hakimov “Football-plus.az”a açıqlamasında mövcud durumu belə şərh etdi:

“Biz baş məşqçiyə güvənirik. Ümumiyyətlə, Rimas Kurtinaytis Avropa basketbolunun əfsanəsidi. Öz ölkəsində yetərincə tanınmış mütəxəssisdi. Təsadüfi deyil ki, Litva Basketbol Federasiyası milli komandanın baş məşqçi postunu yenidən ona tapşırıb. Məğlubiyyətlərdən sonra dedikləri də bəhanə deyil. Hər şey ortadadı. Oyunlarımızın statistikasına baxsaz, görərsiz ki, əksər oyunlarda son çeyrəklərə qədər hesabda öndə olmuşuq. Lakin sonda həmin üstünlüyü əldən vermişik. Bunun da səbəbi rotasiyadı. FİBA-nın reqlamentinə görə 12 oyunçudan 7-si legioner, 5-i isə mütləq yerli basketbolçu olmalıdı. Milli komandanın da, Azərbaycanın da ən yaxşı basletbolçularından biri Endər Poladxanlı zədəlidi. Avroliqanın təsnifat mərhələsində zədələndi və hələ də zədəsi tam sağalmayıb. Yəni onun xidmətindən məhrumuq. Ender olsaydı, rotasiya imkanlarımız çox yaxşı olacaqdı. Deandre Vilyams da yoxdu. “Marussi” ilə oyunda rəqibdən də zədəlilər vardı, amma onlar öz yerlilərindən istifadə edə bilir, potensial yüksək olduğundan fərq hiss edilmir. Təəssüf ki, bu gün üçün durum belədi. Basketbol hələ indi-indi inkişaf edir. Cəmi 2-3 ildi bu sahədə intensiv işlər görülür. Təbii ki, yerli oyunçu potensialımız azdı, bir oyunçu bir ilə yetişmir. Səbəb budu, bunu bəhanə kimi qəbul etmək lazım deyil.İstənilən halda səhvlərimizdən nəticə çıxarmağa çalışacağıq. Yəni bir məsələ sevindiricidi ki, FİBA Avropa Kubokunda Azərbaycan təmsilçisi çıxış edir. Çünki çox ölkələrin komandaları var ki, onlar bu turniri istəsə də, buraxılmayıblar. Burda hər komandanın təşkilati cəhətdən necə hazırlaşması böyük əhəmiyyət daşıyır. Şərtlər var. FİBA Avropa Kubokunda iştirak etmək elə də asan məsələ deyil. Biz də yeniyik, 2022-ci ildə yaranan basketbol komandasıyıq. Avrokuboklarda cəmi 2-ci mövsümümüzdü. Rəqibimiz “Marussi” bu turnirin finalçısı olub, 2 dəfə Avroliqada çıxış edib. Digər rəqiblərimiz də tarixi ənənələri olan klublardı. İstənilən halda bu turnirlərdə iştirak etməliyik ki, davamlı təcrübə toplayaq və səhvlərimizi görək, onlardan da nəticə çıxaraq”.


RÖYANƏ OĞUZ
Seçilən
19
football-plus.az

1Mənbələr