“Barselona”nın alman baş məşqçisi Hansi Flik Kataloniya klubunun prezidenti Joan Laportaya tələb məzmunlu xahiş ünvanlayıb.
Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis prezident Joan Laportadan “blauqrana”nın məşqlərini yalnız idman əlbisəsində ziyarət etməsini istəyib.
Vurğulanır ki, Hansi Flik bu yolla komandanın mənəvi təpərini yüksəltmək niyyətindədir.
Laportanın alman mütəxəssisin xahişinə rəğbətlə yanaşdığı və “blauqrana”nın məşqlərinə idman geyimində qatılmağa başladığı bildirilir.
Xatırladaq ki, Hansi Flik cari ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Flikin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Rəhbərliyi müddətində Flikin “Barselona”sı 16 oyuna 14 qələbə qazanıb və 2 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 55:16 nisbətindədir.
Alman mütəxəssisin çalışdırdığı kollektiv 12 turdan sonra 33 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. UEFA Çempionlar Liqasında isə “Barselona” 4 oyundan 9 xalla Liqa mərhələsinin yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.