COP29-un Bakıda keçirilməsi ekologiya və davamlılıq baxımından dünyanın gələcəyi üçün yeni meyarlar müəyyən edəcək.
Bunu APA-ya eksklüziv müsahibəsində dünyanın aparıcı liman konsaltinq şirkəti “Zero Emissions Maritime Technology Ltd.”-nin təsisçisi və baş icraçı direktoru Madad Makleyn deyib.
Xanım Makleyn Azərbaycanın mədəniyyətlərin bir araya gəlməsi və bu problemin birlikdə həllinə dair dialoq üçün məkan olduğunu vurğulayıb: “Düşünürəm ki, Bakı bir-birindən çox uzaqda yaşayan insanlara bir araya gələrək qarşılıqlı faydalı həll yollarını müzakirə etmək imkanı təklif edir”.
Madad Makleyn Bakı Limanının 2019-cu ildə Xəzər dənizində ilk yaşıl liman olduğunu və 2035-ci ilə qədər “sıfır emissiya” hədəfinə çatmağı planlaşdırdığını xatırladıb: “COP29 yaxınlaşdıqca, Bakı Limanının ən yaşıl texnologiyalardan istifadə etməsi və 2035-ci ilə qədər hazırladıqları planı yerinə yetirəcəklərini göstərən yol xəritəsinin olması inanılmaz dərəcədə vacibdir. Buraya bərpa olunan enerji də daxil olmalıdır."
Makleyn qeyd edib ki, limanlar üçün əsas qlobal tendensiya elektrikləşdirmədir: "Hər şeyi elektrikləşdirin. Həqiqi sıfır emissiyaya nail olmaq istəyirsinizsə, elektrikləşməni keçdikdən sonra enerji mənbəyiniz kimi hidrogendən istifadə etməlisiniz. Bunu bir çox limanlarda görürük. Və biz inanırıq ki, strateji cəhətdən İpək Yolunun mərkəzində yerləşən Bakı həqiqətən də bunu irəli apara bilər. Biz İpək Yolu boyunca istixana qazları olmadan malların daşınmasını istəyən bir çox maraqlı tərəfləri görürük. Bakı emissiyaları azaltmaq üçün tələb olunan texnologiyaların tətbiqində digər maraqlı tərəflərdən dəstək almaq üçün bundan istifadə edə bilər."
Makleyn Bakının yaşıl gələcək baxımından əhəmiyyətinin artmaqda davam edəcəyini də vurğulayıb: "Beynəlxalq Dəniz Təşkilatı bu hadisələri diqqətlə izləyir və aydındır ki, 2027-ci ildən başlayaraq yeni qaydalar sürətlə gələcək. Yenə də Bakı İpək Yolu sayəsində bu qaydalara reaksiya vermək və tullantıları azaltmaq üçün həqiqətən əlverişli yerdədir. Onların orada emissiyalarını azaltmağa can atan və Bakının diqqət yetirdiyi müsbət addımları dəstəkləyəcək maraqlı tərəflər var. Dediyim kimi, bu qaydalar sürətlə daxil olacaq və biz 2027-ci ildən başlayaraq dəyişiklikləri görəcəyik".