Gürcüstanda fəaliyyət göstərən Qardabahi Təhsil və İnteqrasiya Mərkəzində Azərbaycan Resbubilkasının Zəfər Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Çiçək Hüseynova ikinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən danışıb, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində Azərbaycan Ordusunun cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdiyini diqqətə çatdırıb. O, hazırda işğaldan azad edilmiş ərazilərdə və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını xüsusi qeyd edib.
Mərkəzin təsisçisi Raul Əliyev çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixində ən şanlı səhifədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanı və canı bahasına əldə etdiyimiz şanlı Zəfər əsl vətənpərvərlik, fədakarlıq nümunəsi və qürur mənbəyimizdir.
Tədbirdə tarix müəllimi Əvəzxan İsayev və ədəbiyyat müəllimi Sevda Şahverdiyeva, iş adamı Şakir Mustafayev və başqaları 44 günlük Vətən müharibəsinin xronologiyasını təqdim ediblər. Həmçinin postmüharibə dövründə aparılan sülh danışıqları, Ermənistanın Azərbaycana qarşı mina terroru, Qərbi Azərbaycanda ötən əsrdə ermənilər tərəfindən deportasiyaya məruz qalan azərbaycanlılar haqqında ətraflı məlumat verilib.