AZ

“Komandanı Premyer Liqada saxlayacağıq” – Sevilən əcnəbi vəd verdi

“Kəpəz”in “Neftçi” və “Səbail” üzərində qazandığı qələbələrdə Rojerio Santosun böyük payı var.

Məhz portuqaliyalı qapıçının “çərçivədə”ki inamlı çıxışı sayəsində Gəncə təmsilçisində özünəinam yarandı, komanda məğlubiyyətin üzüntüsünü yox, qələbənin sevincini yaşadı.

Rojerio portinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- Premyer Liqanın 12-ci turunda “Səbail”i son saniyələrdə vurduğunuz qolla məğlub etdiz. O anda hansı hisslər keçirdin?

- Bu oyun bizim üçün çox vacib idi. Məğlub olsaydıq, vəziyyətimiz ağırlaşacaqdı. Qələbə sayəsində böyük inam yaranacaqdı. Sevinirəm ki, son saniyələrdə olsa belə, istəyimizə çatmağı bacardıq.

- Nəzərə alaq ki, rəqibə xeyli sayda qol epizodları verdiniz.

- Bilirəm, yaxşı oynamadıq, ancaq lazım olan 3 xal idi, onu da əldə etdik. Məsələn, “Turan Tovuz”a qarşı yaxşı oynasaq da, uduzmuşduq. İndiki məqamda bizə qələbə lazımdır. Ümumi götürsək, bu gün bizim də bir neçə yaxşı imkanlarımız oldu.

- Bu gün sanki bəxt də yanınızda idi.

- Bu, elə oyun idi ki, bir qol vuran qalib gələcəkdi. Həmin qolu rəqib də vura bilərdi, biz də. Lakin biz vurduq. Bilirsiniz, yeni komandayıq, 5-6 futbolçu kollektivə gec qoşulub, yay hazırlığını birlikdə keçməmişik. Buna baxmayaraq, əlimizdən gələni edirik və nəticəsini meydanda görürük. Fikrimcə, qələbə bəxtdən çox məşqlərdə çəkdiyimiz əziyyətin nəticəsi idi.

- Oyunun axırına yaxın son saniyələrdə qol vuracağınızı təsəvvür edirdin?

- Əlbəttə. “Turan Tovuz” bizə qolu neçənci dəqiqədə vurdu? Hakim matçı bitirməyə hazırlaşırdı, qol buraxdıq. Ona görə də yaxşı nəticənin olacağına inanırdım. Və buna əmin idim.

- Bu gedişlə “Kəpəz” ortababların sırasında yer alacaq deyəsən.

- Çox irəli baxmağın tərəfdarı deyiləm. Pillə-pillə getməliyik. Hazırkı məqsəd turnir cədvəlində “Səbail”i keçməkdir. Bunu bacarandan sonra vəziyyətin necə olacağına baxacağıq.

- Gəncədəki stadionda oynaya bilməməyiniz də acı faktdır. Rəqibləri Gəncədə qəbul etsəniz, hər matça azı 3-5 min azarkeş gələcək. Bəlkə də daha çox.

- Bilirəm, azarkeşlərimiz barədə eşitmişəm. Sağ olsunlar, indi də bizi fəal şəkildə dəstəkləyirlər. Ancaq dediyiniz məsələnin həlli bizim əlimizdə deyil. Biz nəyə cavabdehlik daşıyırıq? Sərgilədiyimiz futbola və göstərdiyimiz nəticələrə. Biz öz işimizi görməliyik ki, şərait daha da yaxşı olsun. Məqsədimiz “Kəpəz”i Premyer Liqada saxlamaqdır və bunu bacaracağımıza əminəm. Hər nə qədər çətin olsa da, öhdəsindən gələcəyik.

HƏBİB

Seçilən
27
sportinfo.az

1Mənbələr