AZ

Türkiyədə Birinci Beynəlxalq Ziya Gökalp Gənc Türkoloqlar Simpoziumu keçirildi – FOTO

Türkiyənin Dənizli şəhərində Birinci Beynəlxalq Ziya Gökalp Gənc Türkoloqlar Simpoziumu baş tutub.

Yenicag.az xəbər verir ki, Pamukkale Universitetində baş tutan simpozium İnsan və sosial elmlər fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının təşkilatçılığı və Türk Yurdları Mədəniyyət və Sənət Cəmiyyətinin dəstəyi ilə noyabrın 6-7-8-də keçirilib.

Simpoziumun açılışında çıxış edən fakültə dekanı Yasəmən Bəyazıd qonaqları salamlayaraq belə bir elmi konfransa ev sahibliyi etdikləri üçün qürur duyduqlarını bildirib. Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının fəaliyyətini yüksək qiymətləndirən Yasəmən Bəyazıd bildirib ki, kafedranın gərgin əməyi nəticəsində universitetdə hər il bir çox simpozium və konfranslar keçirilir.

Türk Yurdları Mədəniyyət və Sənət Cəmiyyətinin sədri dosent Sonər Sağlam tədbriin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edərək Muğla Sıtqı Qoçman Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri professor Əkrəm Ayana söz verib. Professor çıxışında “Çağdaş türk ləhcələri və ədəbiyyatları”nı ölkə xaricində layiqilə təmsil edən professor Nərgiz Biraya təşəkkür edib və bu işdə onun əməklərinin danılmaz olduğunu bildirib.

Çıxışlardan sonra qazaxıstanlı magistrant Tamerlan Temirbay dombıra ilə musiqi ifa edib.

Daha sonra Muğla Sıtqı Qoçman Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının əməkdaşı dosent Gülsinə Uzun “Digital çağda dilin təkamülü: Türkçə nümunəsi” başlıqlı məruzə ilə çıxış edib.

Konfransın ilk günü Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Əfqanıstan, Türkiyə və Qırğızıstandan gəlmiş gənc araşdırmaçıların 40-a yaxın məruzəsi dinlənilib.

Simpozumun ikinci günündə onlayn məruzələrə yer verilib. Fərqli ölkələrdən 10-dan çox tədqiqatçı türk dünyası ilə bağlı müxtəlif məruzələr ediblər.

Simpozium çərçivəsində Dənizlinin tarixi Buldan rayonuna səfər təşkil olunub. Konfrans iştirakçılarını səmimi qarşılayan Buldan bələdiyyə sədri Mehmet Əli Orpak onlarla çay süfrəsi ətrafında söhbət apardıqdan sonra Tripolis antik şəhərinə gəzinti təşkil edilib.

Qeyd edək ki, simpoziuma təqdim edilən məruzələr toplandıqdan sonra kitab şəklində yayımlanacaq.

Seçilən
27
yenicag.az

1Mənbələr