AZ

Rüstəm Əhmədzadə: “Hər şey bizim əleyhimizə idi” - MÜSAHİBƏ

“Zirə”nin hücumçusu Rüstəm Əhmədzadənin Futbolxeber.az saytına müsahibəsi

- “Qarabağ”a böyük hesabla uduzdunuz. 0:4 hesablı yenilgini necə şərh edərdin?

- Erkən qol bütün planlarımızı pozdu. Əvvəldən nəzərdə tutulan sistem pozuldu və belədə artıq müəyyən gedişlər etmək lazım gəldi. Oyundan əvvəl zədəlilərimiz var idi. Matçın gedişində də Qismət zədələndi, meydanı vaxtından əvvəl tərk etdi. Mən özüm sonradan oyuna qoşulsam da, zədələndim və matçı başa vura bilmədim. Belə deyək də, sanki hər şey bizim əleyhimizə idi.

- Yəqin ki, bu cür hesabla uduzacağınızı gözləmirdiniz...

- Əlbəttə. Təəssüf ki, belə alındı. İstəməzdim ki, bu cür böyük hesabla uduzaq.

- Son 6 oyunda cəmi 1 qələbə qazanmısınız. Bu uğursuzluğun səbəbini nədə görürsən?

- Komandada hər hansı bir problem yoxdur. Sadəcə müəyyən çatışmazlıqlar var və onları həll etmək lazımdır. Uğursuz period keçirdik. Düşünürəm ki, tezliklə yenidən qələbələri sıralayacağıq.

- Mövsümün hazırlıqlarına çox tez başladınız və avrokuboklarda pley-offa qədər irəlilədiniz. Ola bilərmi ki, indi məhz həmin yorğunluğun əziyyətini çəkirsiniz?

- Ola bilər. Üstəlik, son turlar çox sıx qrafikdə oynadıq. Bütün bunlar da çıxışımıza təsir göstərir.

- Zədəlilərin çoxluğunu nəzərə alsaq, necə düşünürsən, milli komandaların oyunlarına görə çempionatda yaranacaq fasilənin “Zirə”yə xeyri dəyəcək?

- Məncə də, bu fasilə bizə daha çox müsbət tərəfdən təsir göstərəcək. Düşünmək, səhvlərimizi düzəltmək üçün vaxtımız olacaq. Çalışmalıyıq ki, tezliklə vəziyyəti dəyişək və qarşıdakı matçlarda yaxşı nəticələr qazanaq.

- Fasilədən sonra ilk oyununuz səfərdə “Neftçi”yə qarşı olacaq. Həmin matçdan gözləntilər nədir?

- Yaxşı, maraqlı oyun olacaq. Turnir cədvəlində “Neftçi”nin də vəziyyəti yaxşı deyil. Onlar da yalnız qələbəyə oynayacaqlar. Biz də əlimizdən gələni edəcəyik ki, bu vəziyyətdən çıxaq.

İdman.biz

Seçilən
28
idman.biz

1Mənbələr