AZ

I Liqanın bombardiri: "Söz verdilər, səni heyətdə saxlayacağıq, saxlamadılar" - MÜSAHİBƏ

"Karvan" I Liqada 7 turdan sonra ilk pillədə qərarlaşıb. Yevlax təmsilçisinin lider olmasında əsas pay sahiblərindən biri, bəlkə də birincisi komandanın "vuran ayağı", liqanın bombardiri Bəhruz Teymurovdu. Hücumçu komandasının vurduğu 18 qoldan 9-nun müəllifidi.

İdman.biz xəbər verir ki, I Liqanın ən sərrast futbolçusu Sport24.az-a müsahibəsində həm "Cəbrayıl"la oyun barədə danışıb, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

- Son turda "Cəbrayıl"a məğlub olduz. Oyunla bağlı fikirlərini bilmək istərdik...

- 6 oyunda necə hazırlaşıb qələbə qazanmışdıqsa, bu oyuna da elə çıxmışdıq. Biz heç bir komandaya fərq qoymuruq. Erkən qol vurduq, mən daxil hamı rahatlaşdı. Daha sonra epizodlarımı qola çevirə bilmədik. Əksinə məğlub olduq. Bu məğlubiyyət çempionluq uğrunda mübarizədə bizə böyük zərbə oldu.

- "Karvan" hazırda turnir cədvəlində liderdir. Mövqeyinizi qorumaq çətin olmayacaq?

- Təbii ki, indiki mövqeyimizdən razıyıq. Sonadək turnir cədvəlində liderliyimizi qoruyaraq çempion olmaq istəyirik.

- Premyer Liqa və I Liqa ilə arasında səviyyə fərqi çox böyükdü?

- Premyer Liqada "Xəzər Lənkaran" və "Şamaxı"nın heyətində oynamışam. Fərq çox böyükdür. Amma əvvəlki illərə baxanda I Liqanın səviyyəsi yüksəlib. Zəif komanda yoxdur. Bütün komandalar bir-biri ilə mübarizə aparır.

- Hazırda bombardirlər sırasında birinci pillədəsən. Mövsümü neçə qolla bitirməyi planlaşdırırsan?

- Bombardir olmaq hər bir futbolçunun arzusudur. 7 oyuna 9 qolum var. İnşallah, çempionatı 20-25 qolla bitirmək istəyirəm.

- Özünü yenidən Premyer Liqada oynamağa hazır sayırsan?

- Mən həmişə hazıram. Premyer Liqada oynayan futbolçuların heç birindən zəif deyiləm. Yeri gəlsə, bəzilərindən güclüyəm. Sadəcə, güvən problemi var. Baş məşqçilər özlərinə I Liqadan futbolçu transfer etməyi sığışdırmır. "Şamaxı"nı çempion elədik, mənə söz verdilər səni heyətdə saxlayacağıq, saxlamadılar.

İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr