AZ

Onların gəlməməsindən narahat olmağa dəyməz... - ŞƏRH

Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayıb. COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq. Əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

Qeyd edək ki, COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.
Təəssüf ki, dünyanın əksər dövlətlərinin rəsmilərinin iştirakı etdikləri belə beynəlxalq mötəbər tədbirdə - COP29-da bəzi Qərb ölkələrinin yüksəksəviyyəli nümayəndələri gözə dəymirlər. Bu isə bir daha göstərir ki, otuzillik işğal dövründə Ermənistanın insanlıq əleyhinə bəşəri cinayətlərinə və işğal faktına göz yuman bəzi Qərb ölkələri Cənubi Qafqazda yeni reallıqlar yaratmış Azərbaycanın uğurlarını hələ də həzm etmək istəmirlər. Digər tərəfdən, erməni lobbisinin təsiri altında Azərbaycan barəsində mənfi rəy yaradaraq COP29-u boykot etmək cəhdlərinin bir nəticə verməməsi onları lap hövsələdən çıxarıb. Bu mənada Azərbaycanın COP29-a ev sahibliyi etməsi bir sıra Qərb ölkələrində qısqanclıq yaradıb desək yanılmarıq. Onlar hələ də anlamırlar ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi ilə bağlı qərarın verilməsi təsadüfi deyil. Əvvəla, bu, ölkəmizə etimadın növbəti parlaq ifadəsidir. İkincisi, bu, Azərbaycanın apardığı  uğurlu siyasət nəticəsində dünya miqyasında çox güclü mövqeyə sahib olmasının göstəricisidir. Üçüncüsü, dövlətimizin həyata keçirdiyi müstəqil, prinsipial siyasətin, beynəlxalq hüquqa bağlılığın, beynəlxalq tədbirlərə ev sahibliyindən əldə edilən təcrübənin,  eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsindən irəli gələn inamın  nəticəsidir. Göründüyü kimi, Qərbin bəzi dövlətlərinin liderləri qlobal iqlim dəyişikliyi ilə mübarizədə də öz siyasi ambisiyalarını öndə tutur, bəşəriyyəti gözləyən ümumi fəlakətlə mübarizədə tam gücünü sərf etmək istəmir.  Onu da xatırladaq ki, COP29 BMT-nin ən geniş miqyaslı tədbiridir. Azərbaycan isə bəşəriyyəti narahat edən qlobal problemin həllində lider dövlət olaraq bu mötəbər tədbirə ev sahibliyi edir. Məsələyə bu aspektdən yanaşsaq, şübhəsiz onların bu addımı rəsmi Bakıya deyil, eyni zamanda, BMT-yə hörmətsizlikdir. Yəni, bütün bunlar o deməkdir ki, onlar BMT-ni saya almırlar.

Digər tərəfdən, bəzi beynəlxalq təşkilatların hesabatına görə, inkişaf etmiş ölkələr 2020-ci ilə qədər illik 100 milyard dollar iqlim maliyyəsi ayırmaq öhdəliyi götürüb, lakin bu rəqəm tam təmin edilməyib. Həmçinin məlumatlara əsasən, bəzi Avropa ölkələri bu məqsədə çatmaq üçün yalnız minimal maliyyə dəstəyi göstərib. Bu faktlar Qərbin bəzi liderlərinin iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini yerinə yetirməkdə tərəddüd etdiyini, həm də müxtəlif üsullarla bu maliyyə öhdəliklərindən yayınmağa çalışdığını göstərir. Görünür, elə bu səbəblərdən də onlar əgər belə demək mümkünsə, cəmiyyət arasına çıxmaqdan “utanırlar”.  Bunu, həm də Qərbin bütün bəşəriyyətə fəlakət gətirə biləcək iqlim problemlərini prioritet saymaması kimi dəyərləndirmək olar. Fransa Prezidenti Emmanuel Makronun, ABŞ Prezidenti Co Baydenin COP29-a qatılmaması bu ölkələrin də iqlimlə mübarizəni prioritet saymadığının, bəşəriyyət qarşısında öhdəliklərini arxa plana keçirdiyinin, iqlim dəyişikliyinə görə ziyan çəkən ölkələrə dəstək vermək niyyətində olmadığının növbəti sübutudur. Xatırladaq ki, COP29 maliyyə həmrəyliyi proqramlarının genişləndirilməsinə diqqət yetirdiyinə görə bir növ “maliyyə COP”u adlandırılır. Bu məqsədlə Bakıda keçiriln bu tədbirdə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması hədəflənir. Fondun kapitalının əsasən qalıq yanacaq istehsal edən ölkələr, eləcə də neft, qaz və kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə, eləcə də kiçik ada ölkələrində iqlim fəaliyyətinə investisiya yatırmaqla yanaşı, qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorda fəaliyyət göstərən müəssisələrin yaşıl keçidə olan töhfələrini artırmaqdır. Fondun fəaliyyətə başlaması üçün 1 milyard ABŞ dolları kapital toplanması və an azı 10 donor ölkənin fondu dəstəkləməsi planlaşdırılır.

Bu məqamda COP29-da iştirak etmək üçün noyabrın 11-də ölkəmizə təşrif buyurmuş Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun bəzi Qərb ölkələrinin liderlərinin Bakıda keçirilən sammitdə iştirakdan niyə imtina etmələri ilə bağlı sualını cavablandırarkən dediyi bu sözləri xatırlamaq yerinə düşər: “Onlar düşünürlər ki, hər şey yaxşı olacaq və iqlim dəyişməyəcək. Başqa sözlə, onlar düşünür ki, onsuz da keçinərlər. Keçinə bilməzlər. Amma onların gəlməməsindən narahat olmağa dəyməz. Allah görür!”

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr