AZ

"Dənizçilər": "Titanik"in yolu ilə... - YAZI

1912-ci ildə Atlantik okeanında bir əsrdən çox keçsə də, unudulmayan, daim xatırlanacaq faciədən xəbərdarsız. Söhbət məşhur "Titanik" gəmisinin aysberqə çırpılaraq batmasından, nəticədə 1514 nəfərin həlak olmasından gedir.

Bu haqda film çəkilib, uzun-uzadı araşdırma aparılıb, müzakirələr gedib. Qəzanın müxtəlif səbəblərlə izah edildiyi bəllidi. Ən qüvvətli ehtimal isə təbii ki, məsuliyyətsizlik, dəqiq desək, lazımi tədbirlərin əvvəlcədən görülməməsi, qəzadan əvvəl və qəza anında atılmalı olan addımların atılmamasıdı. Ən əsası, irəlidə aysberqin varlığından xəbərdar olan kapitan və köməkçiləri gəminin istiqamətini vaxtında dəyişmədi. Həmçinin gəmidə yetərincə xilasedici qayıq yox idi. Nə "Titanik"dən göndərilən SOS siqnallarına cavab verən oldu, nə də suya düşən insanları xilas edən. Əksəriyyəti cəmi 15 dəqiqə ərzində donaraq dünyasını dəyişdi. Beləliklə, fəlakətdən yaxa qurtarmaq mümkün olmadı...

"Titanik"in başına gələnləri futbolumuza tətbiq etsək, oxlar "Səbail"i göstərəcək. Yalnız ona görə yox ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin hər il böyük miqdarda pullar ayırdığı klub indiyə qədər ciddi uğurla yadda qalmayıb. Nə baş məşqçi dəyişiklikləri işə yarayıb, nə də xeyli sayda legionerə çəkilən xərc. Həm də ona görə ki, "dənizçilər" "batmaq" üzrədi.

Futbol dilində desək, komanda hər tur 1-ci liqaya bir addım da yaxınlaşır. Xəbərdarlığın işə yaramadığı kimi, yanlış addımlar atılır. "Aysberq" isə nəinki görünmür, göz çıxarır. "Səbail" rəhbərliyi bu ərəfədə çıxış yolunu premyer-liqa təcrübəsi olmayan, "Cəbrayıl" klubunun təsisçisi olsa da, maddi çətinliklər içində boğulmasına göz yuman, komandanı yarıyolda qoyub "təcrübə" bəhanəsiylə "Turan Tovuz"a yollanan, indi də sözünü çeynəyən şəxsdə görür. Düşünür ki, 30 ilə yaxın məşqçi təcrübəsi olan Şahin Diniyevi təcrübəsiz Cavid Hüseynovla əvəzləmək doğru qərardı. "Səbail"ə gələnə qədər yuxarıdakı davranışı sərgiləyən adam burda nə dərəcədə uğurlu olacaq? Bunu hesab-kitab edən yoxdumu?

Görünür, hadisələrin axarına müdaxilə etmək mümkün olmayacaq. İddialara görə, bunu heç "Turan Tovuz" da bacarmayıb. "Bozqurd" Hüseynova daha çox para vəd etsə də, qərarından döndərə bilməyib. O, ya "Səbail"də daha çox qazanacaq, ya da bir könüldən min könülə "dənizçilər"ə vurulub. "Aysberq" isə çox qabaqda deyil. Hələ ki tam görünməyə bilər. Amma bu o demək deyil ki, "Səbail" "Titanik" batan kimi batmaqdan "sığortalanıb".

Bəs rəhbərlik və Hüseynov nə vaxt ayılacaq? İstiqaməti vaxtında dəyişmək mümkün olacaqmı? Yoxsa "dənizçilər" bu dəfə limana sağ-salamat çata bilməyəcək?

Bizə gözləmək və izləmək qalır...

KƏNAN BAHADIR

Seçilən
19
football-plus.az

1Mənbələr