AZ

İrəvan–Ankara əlaqələrinin yolu Bakıdan keçir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 6-da Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən XI Zirvə görüşündəki çıxışı Ermənistanda radikal-revanşist kəsimi təmsil edən şəxslərin, necə deyərlər, kürkünə birə salıb. Onlar Türkiyə dövlətinin başçısının fikirlərini özlərinə uyğun formada, fərqli interpretasiyada təqdim edərək daxillərindəki türk düşmənçiliyini yenidən büruzə veriblər.

Halbuki, R.T.Ərdoğan zirvə görüşündəki çıxışı zamanı əvvəlkitək regionda sülhün əldə olunmasına çağırış edib. O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib. Türkiyə dövlətinin başçısı Azərbaycanın 44 günlük Vətən müharibəsində minlərlə şəhidinin qəhrəmanlığı, rəşadəti hesabına əldə etdiyi tarixi Qələbəni xatırladıb: “Biz ümidvarıq və arzu edirik ki, Azərbaycanın şəhidlərin canı və qanı bahasına əldə etdiyi tarixi nailiyyətlər də sülh sazişinin imzalanması ilə danışıqlar masası arxasında möhkəmlənəcək”.

Göründüyü kimi, R.T.Ərdoğan regionda sülhə, barışığa çağırış edib. Amma Türkiyə və Azərbaycanla bağlı hər bir məqama, necə deyərlər, qara eynək arxasından baxan radikallar bu məsələni də özlərinə uyğun formada şərh etməyə çalışıblar. Məsələn, Ermənistan parlamentində 7 deputat mandatına malik müxalifətçi “Şərəfim var” adlanan fraksiyanın katibi Tiqran Abramyan bildirib ki, rəsmi İrəvan Azərbaycanın ilkin şərtləri ilə razılaşmayana qədər Türkiyə Ermənistana qarşı düşmənçilik siyasətini (?) davam etdirəcək. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti dövlət başçısı Azərbaycanın Ermənistan üzərində qələbəsini regionda sülhün təminatı adlandıran ölkə ilə (Türkiyə nəzərdə tutulur – S.H.) münasibətlər qurmaq illüziyalarına malikdir: “Üstəlik, Türkiyə, onun rəhbəri açıq şəkildə bəyan edir ki, rəsmi İrəvan onlara necə yanaşsa, soyqırımını tanıtmaq siyasətindən imtina etsə belə, onlar istənilən halda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanla münasibətləri tənzimləyəcəklər. Sadə dillə ifadə etsəm, deməliyəm ki, Ermənistan Azərbaycanın ilkin şərtləri ilə razılaşmayana qədər Türkiyə Ermənistanı blokadaya alacaq və düşmənçilik siyasətini (?) davam etdirəcək”.

Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra Türkiyə–Ermənistan münasibətlərinin normallaşması istiqamətində də tarixi fürsət yaranıb. Yada salaq ki, rəsmi Ankara Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu 1993-cü ilin aprelində işğal etməsi səbəbindən Ermənistanla sərhədləri bağlayıb. İşğalın davam etdiyi müddət ərzində Ermənistan tərəfi dəfələrlə sərhədlərin açılması, münasibətlərin qurulması üçün cəhdlər edib. Hətta, 2009-cu ildə Türkiyə və Ermənistan arasında bununla bağlı protokollar da imzalanıb. Amma məlum olduğu kimi, həmin sənədlər həyata keçməmiş qalıb. Bunun da başlıca səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə yanaşı, Türkiyəyə də ərazi iddialarını davam etdirməsi idi. Rəsmi İrəvan Türkiyənin şərq vilayətlərini qondarma “tarixi Ermənistan”ın bir hissəsi hesab edir. Qardaş ölkənin ərazisində yerləşən Ağrı dağını Ararat dağı adlandırır və onu hələ də dövlət gerbində əks etdirir. Plan belə idi ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayan işğalçı müharibə nəticəsində Azərbaycan tam məğlub edildikdən sonra növbəti ünvan Türkiyə olmalı idi. Heç də təsadüfi deyil ki, ölkənin üçüncü prezidenti – Xocalı soyqırımının birbaşa iştirakçısı Serj Sarkisyan hələ 2010-cu ildə Ermənistandakı bayram tədbirlərinin birində erməni gənclərə müraciətində demişdi: “Bizim nəsil Qarabağı azad etdi, sizin də borcunuzdur ki, Araratı bütünlüklə ərazimizə daxil edəsiniz”. Ümumiyyətlə, Ermənistanın təkcə Azərbaycan və Türkiyəyə qarşı deyil, Gürcüstan və İrana qarşı da ərazi iddiaları var. Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin də orada separatçılıqla məşğul olduqları danılmaz faktdır.

Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra sələfinin yolu ilə gedərək, Türkiyə–Ermənistan münasibətlərini Ermənistan–Azərbaycan münasibətlərindən ayırmağa çalışdı. Amma daşın qayaya rast gəldiyini gördü. Bu gün də Paşinyan müəyyən müsbət mesajlar verir. O cümlədən Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin olunub. Onlar indiyədək bir neçə dəfə görüşüblər. Sonuncu görüş bu ilin yayında iki ölkənin sərhədində keçirilib. Eyni zamanda Paşinyan erməni xalqının Ağrı dağı ilə bağlı mifik təsəvvürlərdən əl çəkməsinə çağırış edir. Ermənistan baş naziri Türkiyə Prezidentinin 2023-cü il iyunun 3-də Ankarada keçirilən andiçmə mərasimində də iştirak edib. İki ölkənin liderləri arasında bu ilin sentyabrında Nyu–Yorkda keçirilən BMT Baş Assmbleyasının 79-cu sessiyası çərçivəsində görüş olmuşdu. Son olaraq Türkiyə və Ermənistan liderləri noyabrın 7-də Avropa Siyasi Birliyinin V Sammiti çərçivəsində Budapeştdə görüşüblər. Ermənistan hökumətinin yaydığı fotolardan məlum olur ki, N.Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Macarıstan paytaxtında ayaqüstü söhbət olub.

Ümumiyyətlə, Paşinyan hər fürsətdə Türkiyə lideri ilə ünsiyyət qurmağa çalışır. Hiss olunur ki, İrəvan Ankara ilə münasibətləri də qaydaya salmağa çalışır. Elə A.Mirzoyanın açıqlaması da bundan xəbər verir: “Ermənistan Türkiyə ilə dinamik və müsbət dialoq aparır. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesini Ermənistan–Azərbaycan prosesi ilə əlaqələndirir. Fikrimizcə, bu, o qədər də konstruktiv yanaşma deyil. Ermənistan Türkiyə ilə ilkin şərt olmadan dialoq aparır”.

Bu yaxınlarda isə A.Mirzoyan qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsinin Ermənistan xarici işlər nazirliyinin gündəliyində olub-olmaması ilə bağlı suala belə cavab vermişdi: “Bu məsələ Ermənistanın xarici siyasət gündəmində prioritet deyil. Tarixin faciəvi məqamlarını, “erməni soyqırımı”nı öyrənmək və ya bunu bir nömrəli prioritet etmək, əlbəttə ki, XİN-in gündəliyində deyil”.

Əlbəttə, bütün bunlar müsbət haldır. Amma Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün kifayət etmir. Regionda bütün məsələlərdə səylərini əlaqələndirən Türkiyə və Azərbaycan bu məsələdə də ortaq hərəkət edirlər. Rəsmi Ankara Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan İrəvanla münasibətlərin normallaşması ideyasını, haqlı olaraq, yaxına buraxmır.

Bu mövqe qardaş ölkənin xarici işlər naziri Hakan Fidan tərəfindən noyabrın 6-da bir daha təsdiqlənib. Həmin gün “Türkiyə” qəzetinə verdiyi müsahibədə nazir Ankaranın İrəvanla münasibətləri normallaşdırmaq niyyətində olduğunu açıqlayıb. Ancaq onun sözlərinə görə, bu, Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalandıqdan sonra baş verəcək. Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir: “Biz razılıqların əldə olunmasına maksimum dəstək veririk və tərəflərin mövqelərinin yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlərin delimitasiyasının müəyyən edilməsinə dair əsasnamənin qəbulu bu tərəqqinin yaxşı nümunəsidir”.

Mövzu üzrə fikirlərini öyrəndiyimiz Qərbi Kaspi Universitetinin professoru, politoloq–diplomat Fikrət Sadıxov bildirdi ki, Ermənistanın siyasi qüvvələri, o cümlədən parlamentdə təmsil olunan partiyalar İrəvanla Ankara arasında münasibətlərin bərpa olunmasının onlar üçün hava-su kimi lazım olduğunu başa düşməlidirlər. Onun sözlərinə görə, əvvəla, bununla onların dünya ölkələrinə gediş-gəlişi asanlaşacaq, digər tərəfdən böyük bir dövlətlə münasibətlər bərpa edildikdən sonra iqtisadi inkişaf məsələləri gündəmə gələcək. Eyni zamanda, Türkiyənin regiondakı yeri, rolu, yürütdüyü siyasət Ermənistana heç bir təhlükə törətmir: “Digər tərəfdən Ankara İrəvanla danışıqlara getməklə alicənablıq nümayiş etdirir. İki ölkə arasında diplomatik əlaqələr qurulmalı, sərhədlər açılmalıdır. O sərhədlər ki, 30 ildən çoxdur ki, bağlıdır. Yəni, Ermənistan siyasətçiləri, o cümlədən müxalifət partiyaları bu məsələlər barədə düşünməlidirlər. Amma onlar, sadəcə olaraq, əllərindən gələni edirlər ki, Paşinyana zərbə vursunlar, mövqeyini zəiflətsinlər və son nəticədə onu hakimiyyətdən uzaqlaşdırsınlar”.

F.Sadıxov hesab edir ki, amma bu da Ermənistana ziyanlar hesabına başa gələcək: “Düşünürəm ki, onlar bunu müəyyən dərəcədə anlayırlar. Amma hakimiyyət uğrunda mübarizə o qədər gərgin şəkildə gedir ki, ölkəyə dəyə biləcək ziyanlara da sadəcə olaraq, göz yumurlar. Deyirlər ki, təki Türkiyə ilə münasibətlər normallaşmasın”.

Politoloq İlyas Hüseynov isə XQ-yə bildirdi ki, Ermənistan dövləti Türkiyə ilə münasibətləri Azərbaycandan kənarda qurmağa çalışır. İrəvan bu siyasi xətti uzun müddətdir ki, davam etdirməyə cəhd edir. Ermənistan Azərbaycanın maraqlarını, tələblərini, legitim istəkləri, ədalətə söykənən mövqeyini ört-basdır etmək istəyir. Türkiyənin xoşuna gəlmək üçün müxtəlif fikirlər söyləyirlər, amma bunun heç bir nəticəsi yoxdur: “Türkiyə və Azərbaycan əbədi olaraq, tarixən müttəfiqdirlər. Biz bir millət, iki dövlətik. Bütün məsələlərdə baxışlarımız ortaqdır. Fikirlərimiz üst-üstə düşür, ortaq dəyərlər və maraqlar bizim üçün çox önəmlidir. Bişkekdə keçirilən TDT-nin Zirvə görüşündə Türkiyə liderinin çıxışında hansısa fikirlərə Ermənistan tərəfindən münasibət bildirilməsi tamamilə absurddur. Çünki Türkiyə lideri Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsinin və sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır”.

İ.Hüseynov qeyd etdi ki, bu da çox mühüm məsələdir. Azərbaycanın maraqları Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir və biz ədalətin tərəfdarıyıq. Ermənistan konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk qrupu buraxılmalıdır. Bunlar çox mühüm tələblərdir. Çünki Ermənistanda hakimiyyət dəyişə və yeni iqtidar revanşizm kursu götürə bilər. Bu isə bizim üçün məqbul deyil. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması yalnız Azərbaycanla imzalanan sülh müqaviləsindən sonra mümkün ola bilər. Ermənistan tərəfi anlamalıdır ki, nə qədər çalışsa da, Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyə ilə əməkdaşlıq qura bilməyəcək.

Səxavət HƏMİD
XQ

Seçilən
13
xalqqazeti.az

1Mənbələr