Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.Polkovnik-leytenant Məmmədov Elçin Ziyadxan oğlu da Vətənin keşiyində dayanan, onu göz bəbəyi kimi qoruyan igid oğullarımızdan biridir.
Elçin Məmmədov 4 avqust 1984-cü ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 2000-ci ildə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbi bitirib, 2002-ci ildə Azərbaycan Ali Təyyarəçilik məktəbini bitirib. 2002-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmətə başlayıb. 44 günlük Vətən müharibəsində iştirak edib. Vətən müharibəsində ən çox döyüş uçuşu həyata keçirən hərbi təyyarəçidir. Hazırda Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrində N saylı hərbi hissədə xidmətini davam etdirir. Müharibə veteranıdır. Ailəlidir 2 övladı var. 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazan igid Vətən oğlu göstərdiyi şücaətə görə ölkə başçısının müvafiq Sərəncamları ilə “Qarabağ” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb.
10 noyabr 2024-cü il tarixdə igid Vətən oğlunun anası Məmmədova Südabə Çaylı qızı dünyasını dəyişib. Mərhum bu gün Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilib.
Noyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov Birinci Şıxlı kəndində olub, qəhrəman Vətən oğlunun anasının dəfn mərasimində iştirak edərək vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı veriblər.cra başçısı Rəcəb Babaşov mərhum Südabə Məmmədovanın vəfatından kədərləndiyini bildirib, Elçin Məmmədova və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Poliqon.info