Noyabrın 12-də Azərbaycan paytaxtında keçirilən COP29 iqlim sammiti çərçivəsində “Qarabağ” konfrans zalında qlobal iqlim siyasəti sahəsində cari proseslərin ilkin nəticələrinin yekununa dair mətbuat konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, BMT-nin COP29-da iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, UNFCCC Kommunikasiyalar şöbəsinin rəhbəri Aleksandr Sayer, Paris Sazişinin 6-cı maddəsinin 4-cü bəndinə əsasən yaradılmış mexanizmə Nəzarət orqanının nümayəndəsi Maria Al-Cişi və onun müavini Martin Hession iştirak ediblər. İştirakçıların hər biri qısa açılış nitqi ilə çıxış edib, daha sonra auditoriyanın suallarını cavablandırıblar.
İqlim məqsədlərinə nail olmaq kontekstində hazırkı COP-dan gözləntilər barədə AZƏRTAC-ın sualını cavablandıran Saymon Stil qeyd edib ki, o, çox nikbindir və bu həftə başlayan sammitin səmərəli və nəticələrinin uzunmüddətli olacağına şübhə etmir.