AZ

“Sportinq”dən Region Liqasına - FƏRQLİ KLUBLAR, OXŞAR SONLUQLAR

Yəqin ki, yazının başlığından söhbətin kimdən getdiyini az-çox başa düşdünüz. Bilməyənlər üçün qeyd edim ki, mövzu Budaq Nəsirovdur. 

Nəsirov hələ 15 yaşındaykən “Turan”dakı çıxışları ilə göz oxşayırdı. Məşqçi heyəti və azarkeşlər onun gələcəkdə yüksək yerlərə gələcəyini düşünürdü. Ki, belə də oldu. 20 yaşını tamamlamadan “Sportinq”ə yollandı. Portuqaliya nəhəngi həmyerlimizlə 5 illik müqavilə imzaladı. Bəli, 1, 2 və ya 3 yox, düz 5 illik! 

Futbolun içində olan şəxslər bunun nə demək olduğunu yaxşı başa düşür. Deməli, həmin oyunçunun yaşı, potensialı, bacarığı, fiziki durumu gələcəyi üçün ümid verir. Yoxsa, Kriştiano Ronaldonu, Luiş Fiqunu dünya futboluna bəxş edən “Sportinq” niyə azərbaycanlı gənci heyətinə qatsın? 

Millətin Azərbaycan futboluna inamının “öldüyü” dövrdə Nəsirovun transferi ümid parıltısı olmağı bacardı. Bütün futbol ictimaiyyəti, jurnalistlər, telekanallar Budaqdan danışırdı. Hər kəs ona Azərbaycan futbolunun gələcəyi kimi baxırdı. Bunun üçün yarımmüdafiəçinin əlində hər şey var idi. Böyük akademiya, təcrübəli məşqçi heyəti, ölkəsinin inamı...

Lakin nə oldu? Heç nə. Xaricə yollanan digər futbolçularımız kimi, o da, təlim-məşq toplanışlarına, nizam-intizam qaydalarına və ağır fiziki çalışmalara tab gətirə bilmədi. Heç “Sportinq”in “B” komandasında belə forma şansı qazanmadı. Nəticədə Budaq keçirdiyi uğursuz mövsümdən sonra ehtiyat oyunçular skamyasına daimi abunəlik qazandı. Buna baxmayaraq Portuqaliya klubunun ona inamı sönmədi. Nəsirova son şans verərək “Zirə”yə icarəyə yolladılar. 

Yarımmüdafiəçi burada da uğurlu çıxış edə bilmədi. Mövsüm ərzində 12 oyun, 0 qol. Təbii ki, bununla da, “Sportinq” haqlı olaraq müqaviləyə xitam verdi.

Sizə Budaqla birlikdə çıxış edən futbolçuların bir qisminin adlarını çəkim: Rafael Leao (“Lill”, “Milan”), Joao Palinya (“Braqa”, “Fulhem”, “Bavariya”), Merih Demiral (“Sassuolo”, “Yuventus”, “Atalanta”, “Əl-Əhli”), Domingez Duarte (“Qranada”, “Xetafe”), Tiaqo Calo (“Milan”, “Yuventus”, “Lill”, “Porto”)...

Yəqin ki, aranızda bu futbolçuları tanımayan yoxdur. Onlar hazırda dünya idmanında adından söz etdirən oyunçulardır. Lakin bir zamanlar Budaqla birlikdə “Sportinq”in “B” komandasında çıxış edirdilər. Həmin futbolçuların Nəsirovdan milliyətdən başqa hansısa ciddi fərqi yox idi. Lakin onlar dünya ulduzu oldu, Budaq isə...

Bəli, Budaq Nəsirov isə bu gün Azərbaycan Region Liqasına yollandı. O, “Naftalan” klubu ilə müqavilə imzaladı. Özü də 28 yaşında. Azərbaycan futbolunun gələcəyi gənc yaşında karyerasına nöqtə qoydu. 

İndi gəlin açıq danışaq, hər dəfə AFFA-nın inkişaf strategiyasından, infrastrukturdan söz açırıq. Amma “Sportinq” Budaq Nəsirovu, “Everton” Araz Abdullayevi, “Zenit” akademiyası Ramil Şeydayevi futbolçu kimi yetişdirə bilməyibsə, demək problem başqadır. Bəlkə də futbol heç bizlik deyil, millət olaraq bacarmırıq. O stabillik, intizam, bacarıq bizdə yoxdur. İstər “Neftçi” yetişdirsin, istər “Sportinq”...

Ülvi İsgəndərov: "Qol vurmağım məni də çox sevindirir, amma..." - Müsahibə

Futbolumuzun qanqren barmaqları - Gəldim sizi xəbərdar eləyim

Cavid Hüseynov "Turan Tovuz"u tərk etdi - Paytaxt klubuna gəlir

Veteranların görüşündə məhsuldar heç-heçə

“Zirə”nin futbolçusu milliyə dəvət alıb

Seçilən
33
apasport.az

1Mənbələr