“Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un açılış məramisində çıxışı zamanı bildirib. Prezident bəyan edib ki, Qərbdəki dairlərin boykot çağırışları heç bir nəticə vermədi.
Belə ki, Bakıda keçirilən tədbirdə 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı, onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var.
Göründüyü kimi, Azərbaycana qarşı boykot və təhdid kampaniyası uğursuz oldu.
Politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a şərhində bildirib ki, Azərbaycan bu kimi beynəlxalq tədbirə ev sahibliyi etməklə Qərbdəki müəyyən qüvvələrin planlarını fiaskoya uğratdı:
“Bir çox dünya ölkələri Bakıda BMT-nin COP29 tədbirinin keçirilməsinə razılıq verib. Sözügedən tədbir ərəfəsində Qərbdəki müəyyən dairələr Azərbaycana qarşı qara piar kampaniyası aparırdılar. Sözsüz ki, bu kampaniyanın başında Fransa və erməni lobbisi dururdu. Amma göründüyü kimi, onların çabaları heç bir nəticə vermədi. Azərbaycan BMT-nin COP29 tədbirinə çox yüksək səviyyədə ev sahibliyi edir. Dünyanın bir çox ölkələrinin liderləri və hökumət başçıları bu tədbirdə iştirak üçün Azərbaycana təşrif buyurub”.
Ekspert xatırladıb ki, bütün materiklərin, ölkələrinin nümayəndələri Azərbaycandadır:
“Dənizaşırı dövlətlərin başçıları da bu tədbirdə iştirak edirlər. Azərbaycan COP29 kimi beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etmək bir daha sübut etdi ki, rəsmi Bakı dünyada sülhün bərqərar olunmasında və tarazlığın qorunmasında maraqlıdır”.