Dünya Bankı tərəfindən iqlim dəyişikliyi ilə mübarizə sahəsində 15 milli proqram hazırlanıb.
APA xəbər verir ki, bunu Dünya Bankının prezindeti Ajay Banqa Metan və qeyri-karbon istixana qazlarının təsirlərinə həsr olunmuş COP29 Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, qarşıdakı dövrdə Dünya Bankı bir sıra ölkələrdə iqtisadiyyatın vacib sektorlarında bəzi aktual təşəbbüslərin maliyyələşməsi proqramını elan edəcək:
"İqlim dəyişikliyinə səbəb olan amillərdən biri və ən başlıcası atmosferə karbon qazı emissiyalarının buraxılmasıdır. Qarşıdakı dövrdə Mərkəzi Asiya ölkələri alternativ və bərpa olunan enerji mənbələri istehsalını artırmağı hədəfləyib. Bu, çox gözəl bir təcrübədir. Çin, Hindistan, Vyetnam və Banqladeş daxil olmaqla 66 ölkə regionun çəltiyə olan tələbatının 65 prosesini təmin edir. Bu da həmin ölkələrdə karbon qazı emissiyalarının artmasına səbəb olur. Təmsil etdiyim Dünya Bankı Türkiyə, Pakistan və Misir də daxil olmaqla 9 ölkədə irriqasiya sistemlərinin inkişafı və təbii bitkilərin yetişdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Onlar buna çox kiçik, lakin effektiv səylər göstərməklə nail olublar. Növbəti dövrdə bankımız bir sıra ölkələrdə iqtisadiyyatın vacib sektorlarında bəzi aktual təşəbbüslərin maliyyələşməsi proqramını elan edəcək. Bundan adları siyahıya yenicə daxil edilən dövlətlər də faydalanacaq".