AZ

Texnologiya qorxulu deyil, əsas, ondan istifadəyə xoş niyyətlə yanaşmaqdır

Bəhruz Əliyev: “Sosial şəbəkələrin mənfi xüsusiyyətlərindən qorunmaq üçün maarifçilik ən əhəmiyyətli məsələdir”

Böyük iqtisadiyyata sahib ölkələrin müxtəlif məşhur sosial şəbəkə platformaları var - bir qismi ABŞ, bir qismi Çin, bir qismi isə Rusiya seqmentinə aiddir. Həmin sosial şəbəkələr arasında ciddi rəqabət mövcuddur, hər birinin qurucusu öz istifadəçilərinin sayını artırmaq istəyir. Hazırda 3 milyarddan çox istifadəçi sayı ilə birinci yeri tutan "Facebook"dur. Amma Çinin “TikTok"undan bəhrələnənlər də kifayət qədər çoxdur. Bu sosial şəbəkənin alqoritması elə qurulub ki, insanlar daha tez məşhurlaşır. Bir video qısa müddətə böyük kütləyə çata bilir. Elə məhz buna görə də gün keçdikcə “TikTok” istifadəçilərinn sayı çoxalır. İnsanlar pul qazanmaq istəyi və məşhurlaşma həvəsi ilə bu sosial şəbəkəyə yönəlirlər. Pul qazanmaq üçün sosial şəbəkələrdə qeyri-adekvat hərəkətlər, müxtəlif oyunlar, lazımsız canlı yayımlar maraqsız görüntülərin ortaya çıxması ilə nəticələnir. İstifadəçilər diqqət cəlb etmək üçün məzmunsuz videolar çəkməyə başlayırlar. Ümumiyyətlə, gənc nəslin sosial şəbəkələrə ifrat bağlılığı, aludəçilik, hədsiz maraq dövrün tələbi olmaqla bərabər, özü ilə müəyyən ziyanlar da gətirir və kifayət qədər vaxt itkisilə nəticələnir.  

Qadağan etmək yox, tənzimləmək, istiqamət vermək daha münasib üsuldur 


Müsahibimiz informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirir ki, gənclər internetdə faydasız fəaliyyətləri üzündən daha yaxşı işlər görə bilmirlər: “Mənasız məşğuliyyətlər çoxalır. Bu da xarakteri tam formalaşmamış insanları mənfi istiqamətə yönəldə bilər. Hər bir sosial şəbəkə sözügedən məsələnin bəlkə də fərqinə vardığına görə müəyyən vaxt limiti funksiyası yaradıb. Yəni istənilən şəxs özü üçün internetdə vaxt limiti qoya bilər. Bu çox yaxşı funksiyadır. Bütün istifadəçilərə tövsiyə olunur ki, onlar virtual aləmdə keçirdikləri zamanı nizamlasınlar. Əlbəttə, "TikTok"u yasaqlamaqla nəticə hasili mükün deyil. Çünki, qadağalar həmişə daha çox maraq doğurur. Buna görə də daimi maarifləndirmə işləri görülməlidir. Sosial şəbəkələrin mənfi xüsusiyyətlərindən qorunmaq üçün maarifçilik ən əhəmiyyətli məsələdir”.

İçtimai elektron təhlükəsizlik tövsiyyələri

Ekspert ictimai nəqliyyatda, restoran və digər iaşə obyektlərində pulsuz Wi-Fi xidmətindən istifadəni təhlükəsizlik baxımından tövsiyə etmir. Bu halda müxtəlif risklər yarana bilər. Şəbəkəyə qoşulan mənfiniyyətli istifadəçinin digər qoşulan şəxslərə müəyyən zərərvermə ehtimalı var: “Onların bəzi qurğular vasitəsilə başqa istifadəçilərin telefon və kompüterinə qoşularaq, fərdi məlumatlara rahat şəkildə müdaxilə edə bilər, “backdoor” dediyimiz “arxa qapı” proqramlarını həmin cihaza qoşmaları da mümkündür. Mümkün riskləri nəzərə alaraq, hətta ictimai yerlərdə telefonların enerji ilə doldurulmasını da tövsiyə etmirəm. Çünki hər iki hal kifayət qədər risk yaradır. İkinci əl smartfonlarda şəxsi məlumatlarımız olduğundan satılması məqsədəuyğun deyil. Bəzi insanlar telefonları format edir ki, onun tərkibində heç bir məlumat saxlanmasın. Lakin xüsusi proqramlar vasitəsilə smartfonun yaddaşındakı şəkillərlə gələcəkdə hər hansı bir şəxsi təzyiq və ya şantaj mümkündür. Kompüterlərdə isə vəziyyət başqadır, onun yaddaş hissələrini çıxardaraq, özünüzdə saxlaya bilərsiniz. Lakin telefonlarda bu hal mövcud deyil. Çünki yaddaş birbaşa əsas karta inteqrasiya edilir və modul tipli olmur. Tövsiyə olunur ki, ikinci əl smartfonlar heç bir halda ailədən kənara çıxmasın. İstənilmədiyi təqdirdə ən yaxşı variant onun məhvidir. Bu formada biz şəxsi məlumatlarımızın kənara çıxmasından özümüzü qoruyarıq".
Statistikaya əsasən, illər keçdikcə insanların əlindəki İT avadanlıqlarının sayının artmasına uyğun, kiberhücumlar da çoxalmaqdadır. Hesabları ələ keçirmək üçün müxtəlif metodlardan istifadə olunur. “Bunlardan biri də fişinq üsuludur. Belə ki, istifadəçiyə müxtəlif linklər göndərilir və onlar özünü bir növ həqiqi səhifə kimi göstərməyə çalışır. İstifadəçi hər hansı imkan əldə edəcəyinə aldanaraq, öz şifrəsini və hesabını bu səhifəyə daxil edir. Lakin təəssüf ki, aldadıcı səhifəyə daxil etdiyi hesab məlumatı və şifrəsi xakerlərin əlinə keçir. Bu formada hesab ikili identifikasiyadan keçməyibsə, çox rahat şəkildə üçüncü tərəfin əlində xakerlər və ya dələduzlar tərəfindən müxtəlif formada istifadə olunur. Cəmiyyətdə xüsusi yer və nüfuz qazanmış insanların şəxsi məlumatları əldə edildikdən sonra onlar dələduzlar üçün şantaj mənbəyinə çevrilirlər. Məsələn, ələ keçirilmiş hesabın geri qaytarılması müqabilində istifadəçidən külli miqdarda pul tələb olunur və həmin məlumatların yayılmaması vədi verilir. Eyni zamanda yüksək baxışa sahib, çoxlu izləyiciyə malik səhifələri hörmətdən salmaq, onları bir növ dəyərsizləşdirmək məqsədilə də belə hücumlar reallaşdırıla bilər. Amma hesab geri qaytarılsa belə, dələduzların əlinə keçən yazışmalar, şəkillər ömür boyu şantaj obyektidir” - deyə, B.Əliyev xəbərdarlıq edir.  

Bəzən rəy bölmələrində hesabın geri qaytarılması, şifrələrin sındırılması kimi müxtəlif növ xidmətlər təklif olunur. Belə təqdimatlara da inanmaq lazım deyil: “Sosial şəbəkə hesablarının ovuna çıxan şəxslərin böyük qismi elə həmin sistemdə bu tipli elan verən, mənbəyi və şəxsiyyəti naməlum dələduzlardır. Belə hallardan mümkün qədər uzaq durmaq, öz sosial şəbəkələrimizi təmiz mühitdə saxlamaq lazımdır. Mobil və kompüter avadanlıqlarımızda pirat olmayan proqram təminatlarından istifadə etməli, “VPN” və ya digər fərqli üsullarla xüsusi imkanlar üçün cihazımıza hər hansı proqram yükləməməliyik. O zaman bizə hücumların sayının azaldığını və təhlükəsizliyimizin əvvəlkinə nisbətən daha yaxşı qorunduğunu görə bilərik”. 
 
Həmsöhbərimiz vurğulayır ki, kiberhücumlardan qorunmağın ən yaxşı yollarından biri ikili identifikasiyanın, yəni ikimərhələli təsdiqləmənin aktivləşdirilməsidir: “Demək olar ki, bütün sosial şəbəkələrdə bu cür təhlükəsizlik metodu mövcuddur. İstifadəçilər mütləq şəkildə həmin imkanlardan faydalanmalı və ikili identifikasiyanı fəalaşdırmalıdırlar. Belə olan halda onların hesab adları və şifrələri ələ keçirilsə də, ikinci mərhələdə müxtəlif formada təsdiq istəyən hesabın başqa avadanlığa köçürülməsi və ya digər əməliyyatlar zamanı istifadəçi artıq aldadıldığını başa düşə bilər. Əks halda, həmin mərhələdə də aldadıldığını hiss etməsə, bu zaman diqqətsizliyinə görə sosial şəbəkə hesabını itirəcəkdir. Digər narahatedici dələduzluq növü isə xarici və ya yad nömrələrdən zənglərdir. İlk dəfə zəng gəldikdə smartfon və mesajlaşma applikasiyaları bu məsələni xüsusi ilə qarşıya çıxarır, bloklamaq və təsdiqləmək mənasına gələn ifadələrlə açıq göstərir. Gələn zəng və mesaj tanıdığınız şəxsə aid deyilsə və ya şübhəlidirsə, həmin zəng və mesajı bloklamaq mütləqdir. Əgər gələn mesaj və maillərdə əlavə linklər göndərilibsə, əlavə fayllar sizə təqdim edilibsə, onları əsla açmamalı və həmin mesaj və ya mail-i bütövlükdə silmək lazımdır. Mərc oyunları, yarış, lotereya və ya qalib olmaq haqqında gələn hər hansı bir mesaja və ya linkə aldanmamaq, göndərilən linkin həqiqi domen ünvanına diqqət yetirmək lazımdır. Əgər göndərilən mail ünvanı və link haqqında bəhs edilən yerin rəsmi domen adresi ilə eyni deyilsə, əsla inanmaq və açmaq olmaz. Digər dəqiqləşdirmə üsulu isə həmin müəssisənin qaynar xətti ilə əlaqə saxlayaraq məlumatı yoxlamaqdır”. 

Süni intellektlə avtomatlaşdırmanın fərqi; faydalar, risklər və...

İnformasiya texnologiyaları mühəndisinin fikrincə, süni intellekt avtomatlaşdırmadan fərqli olaraq düşünən və öyrənən, avtomatlaşdırma isə təkrarlanan prosesləri avtomatlaşdırmaq üçün istifadə edilən bir texnologiyadır. Ona görə də süni intellekt bəzi hallarda insanı əvəzləyə, yəni insan zəkasını imitasiya edə bilir. Süni intellekt bir çox məsələləri bizim üçün asanlaşdırır. Prosesləri optimallaşdırır, xətaları azaldır və məhsuldarlığı artıra bilir. Eyni zamanda xəstəliklərin diaqnostikasında, dərmanların kəşfində, fərdiləşdirilmiş müalicə işlərində və onun monitorinqində kömək edir. Süni intellekt eyni zamanda böyük miqdarda məlumatları təhlil edir və innovasiyaların inkişafına təkan verir. Risklərin idarəetməsi, strategiyaların hazırlanması, müştərilərin tələblərinin proqnozlaşdırılmasında süni intellekt geniş istifadə olunur: “Avtomatlaşdırma prosesləri təkmilləşdirərək iş yerlərində effektivliyi artıra bilir. Süni intellekt musiqi və film sahəsində də geniş istifadə olunur. Açıq mənbələrdə olan məlumatlarda deyilir ki, son illərdə süni intellektə qoyulan özəl investisiyalar artaraq, 90 milyard ABŞ dollarını keçib. Lakin xüsusilə qeyd etmək lazımdır ki, mütəxəssislər, bu sahədə etik və təhlükəsizlik aspektlərini də nəzərə alaraq iş aparmalıdırlar. Süni intellekt insan məntiqinin maşın və ya proqram təminatında tətbiqini nəzərdə tutan bir elmdir. Bu sahə imkanlarla yanaşı, təhlükəli məqamları da özü ilə gətirir. Süni intellekt və avtomatlaşdırma insanı əvəz etmək potensialına malikdir. Bu, iş yerlərinin itirilməsinə və əmək bazarında dəyişikliklərə səbəb olur. Sistemlər mürəkkəbləşdikcə, onlar üzərində nəzarətin itirilməsi riski də var. Süni intellektin alqoritmləri, sosial bərabərsizlikləri gücləndirə və müəyyən qruplara qarşı ayrı-seçkilik yarada bilər. Eyni zamanda süni intellekt məlumatların emalı və analizi üçün istifadə olunur. Bu hal məxfilik məsələlərini və şəxsi məlumatların təhlükəsizliyini təhdid edə bilər. Hərbi və tibbi sahələrdə də istifadə olunan süni intellektin sadəcə müsbət və insanlıq üçün faydalı dəyərlər yaratmasından əminliyə ehtiyac var. Ona görə də xüsusi nəzarət mütləqdir. Belə təhlükəli məqamların idarə edilməsindən ötrü etibarlı təhlil, təhlükəsizlik tədbirləri və etik standartlar tətbiqlənməlidir. Süni intellektin inkişafı, məsələlərin diqqətli şəkildə tədqiqini və düzgün tədbirlərin göstərilməsini tələb etməkdədir”.


Bəhruz müəllim söyləyir ki, artıq facebook, instagram kimi bir çox sosial şəbəkələr süni intellketdən istifadə edərək, yaradılmış məzmunları xüsusi etiketləməyə qərar veriblər. Meta süni intellektdə yaradılmış məzmunlara “Imagined with AI” sözləri əlavə edərək, məzmunun süni intellekt tərəfindən hazırlandığını göstərirlər. Hələlik bu barədə yanaşma odur ki, video və foto istehsal edən süni intellekt aləti fayla gizli “MetaData” əlavə etsin. Sonradan bu faylları əlavə etdikdə, sosial şəbəkələr məzmunun qeyri-reallığını və süni intellekt tərəfindən yaradıldığını müəyyənləşdirib müvafiq şəkildə isifadəçilərə bildirərək, digər etik tələblərin şərtlərini həyata keçirsinlər: “Bəzi tədbirlər görülsə də, hələlik tam həll yoxdur. Ona görə də istifadəçilərə istifadə etdikləri məzmunları digər etibarlı kanallar vasitəsilə də dəqiqləşdirib, dezinfomasiyadan yayınmalarını məsləhət görürəm. "Europol" xəbərdarlıq edib ki, tezliklə dünya elə bir vəziyyətlə üzləşəcək ki, ChatGPT və GPT-4 neyron şəbəkələri vasitəsilə süni intellekt müxtəlif saxta sənədlər, videolar və orijinaldan seçilməyən fotolar yaratmağa başlayacaq. Fırıldaqçılar insanları qəsb etmək və aldatmaq üçün süni intellektdən istifadə edə biləcək. Bu neyron şəbəkələrin fişinq, dezinformasiya və təbliğat, həmçinin kibercinayətkarlıq üçün istifadəsi mümkündür. "OpenAI" şirkəti mart ayında ChatGPT-ə inteqrasiya olunmuş yeni nəsil təbii dil emalı alqoritmini - GPT-4-ü təqdim edib. Bununla belə, İlon Mask süni intellekt (AI) sahəsində bir sıra digər mütəxəssislərlə birlikdə güclü neyron şəbəkələrin hazırlanmasına moratorium tələb edib, çünki bu sahədə nəzarətsiz proses bəşəriyyət üçün təhlükə yarada bilər. Bu barədə "Future of Life Institute" qeyri-kommersiya təşkilatının saytında dərc edilmiş süni intellekt üzrə ekspertlərin açıq məktubunda deyilir ki, biz bütün süni intellekt laboratoriyalarını ən azı altı ay ərzində süni intellekt sistemləri üzrə təlimləri dərhal dayandırmağa çağırırıq. Süni intellektin bir parçası olan neyron şəbəkələri insan beyninin işləmə prinsiplərinə əsaslanan və bənzər çalışma metodundan istifadə edən riyazi modeldir. Başqa formada desək, öyrənmə prosesini daha sürətli edən insan beyninin çalışma üslubuna bənzər "Maşın Öyrənmə" (Machine Learning-ML) alqoritmasının bir növüdür. Yeni nəsil neyron şəbəkələri əvvəlki neyron şəbəkələrdən mürəkkəbliyi ilə fərqlənir. Əslində, yeni nəsil neyron şəbəkələri də əsas etibarı ilə klassik neyron şəbəkələri və arxitekturaların üzərində inşa edilmişdir. Eyni zamanda daha çox məlumat, daha çox verilənlər bazası və daha çox mənbələr tələb edir. Neyron şəbəkələr, əsasən proqnozlar vermək və qərar qəbulu üçün nəzərdə tutulmuşdur”.

Ekspert virtual dünyadakı müxtəlif təhlükələri və onlara qarşı mübarizə vasitələrini sadaladıqdan sonra sözünə nikbin notlarla yekun vurur. Bildirir ki, texnologiya qorxulu deyil, əsas, ondan istifadəyə xoş niyyətlə yanaşmaqdır. İnsanların xüsusi məlumatlarının neyron şəbəkələr vasitəsi ilə öyrənilməsinin qarşısını alan tədbirlər genişləndirilməlidir: 
“Neyron şəbəkələrlə bağlı ilk metod 1970-80-ci illərdə ortaya çıxmışdır. Kompüterlər gücləndikcə, neyron şəbəkələrə maraq düz mütənasiblik təşkil etdi və daha da artmağa başladı. Hazırda neyron şəbəkələr pilotsuz maşınlar, görüntü (face detection) və nitqin tanınması (speech recognition) və təbii dilin işlənilməsi ilə bağlı məsələlərdə geniş istifadə olunur. Neyron şəbəkələri "Maşın Öyrənmə" (Machine Learning-ML)" və "Süni İntellekt" (Artificial Intelligence-AI) üçün çox güclü bir vasitədir. Əsas üstünlüyü verilənlərdən öyrənmək qabiliyyətidir. Daha çox nümunə və daha çox məlumat daxil olduqca, inkişaf edirlər. Neyron şəbəkə maşın öyrənmənin bir alqoritmidir. Məlumatlar xüsusi bir yerdə olmur. İnternetdə və bir çox yerdə məlumatları öyrənib, ona verilmiş alqoritm əsasında ortaya nəticə qoyur. Amma bu nəticəni daha anlaşıqlı dilə gətirmək və anlamaq üçün yenə də bir insana ehtiyac var. Neyron şəbəkə alqoritmi ilə öyrədilən və öyrənilən məlumatları insana ən yaxın dildə çatdıqan texnologiya süni intellektdir. Məlumatların təhlükəsizliyinin təmini üçün güclü şifrələmə alqoritmləri və digər tədbirlər görülməlidir. "Ağıllı neyron" şəbəkələrinin fəaliyyətində yanlışlıq və təhlükəsizlik məsələlərini, düzgün fəaliyyəti yoxlamaq üçün imtahan və sınaq tədbirləri həyata keçirilməlidir. Bu, fəaliyyətin daha yaxşı idarəçiliyini və təhlükəsizliyin artırılmasını təmin edə bilər”.

Qurban Məmmədli 

Seçilən
33
sherg.az

1Mənbələr