Məhərrəm Zeynalov (Vəzifə,BBC News Rusca)
Dörd il əvvəl 7 minə yaxın insanın həlak olduğu İkinci Qarabağ müharibəsi başa çatdı. Daha sonra ermənilər Azərbaycanın "antiterror əməliyyatları" adlandırdığı döyüşlər nəticəsində Qarabağı tərk etdilər.
Qalib və məğlub yerlərini dəyişdilər - və sürətli templə sülh müqaviləsinin bağlanmasına hazırlaşmağa başladılar. Azərbaycan və Ermənistan sülh sazişi üçün mümkün “son tarix” kimi BMT-nin Bakıda keçiriləcək iqlim sammitini (COP29) göstərirdi. Lakin sammit bazar ertəsi, noyabrın 11-də başladı, sülh sazişi isə hələ ki imzalanmayıb.
İki ölkə arasında barışmaz ziddiyyətlər qalmaqdadır və bu barədə illərlə ümumi dil tapmağa çalışan ekspertlər və fəallar da xəbərdarlıq ediblər.
Amma prezident İlham Əliyevin administrasiyası və baş nazir Nikol Paşinyanın ofisi sülh danışıqlarının təfərrüatlarını gizli saxlayır və vətəndaş cəmiyyəti ilə məsləhətləşmirlər.
Azərbaycanda fəalları ermənilərlə yazışdıqları və görüşdüklərinə görə həbs edirlər. Ermənistanda sülhün sadiq tərəfdarları təcrid olunmuş və azlıqda qalırlar, onların əvəzinə isə hökumət ona sadiq ekspertlərə arxalanır.
"Müharibə heç vaxt qurtarmayıb"
Şəklin mənbəyi,Delegation of the European Union to Azerbaijan
Şəklin alt yazısı,Bəhruz Səmədov yeni nəsil azərbaycanlı pasifistlərin ən məşhurudur
Avqust ayında Azərbaycan hüquq-mühafizə orqanları Praqada Karlova Universitetinin müəllimi, 29 yaşlı Bəhruz Səmədovu həbs ediblər. Erməni fəallarla təmasda olduğu üçün Səmədov dövlətə xəyanətdə ittiham olunub və indi onu ömürlük həbs gözləyir. O, bütün ittihamları rədd edir.
Səmədov iki ölkə arasında barışığın tərəfdarı olub, lakin Azərbaycan hakimiyyətinin yanaşmasını tənqid edirdi. “Müharibə heç vaxt qurtarmayıb, heç vaxt sülh prosesi olmayıb” sərlövhəli məqaləsində o, Bakının Yerevanı zorla “avtoritar sülhə” məcbur etmək istədiyini yazır. O, bu kimi nəticəni “barışıqsız sülh” adlandırıb.
Səmədovun həbsindən az sonra müharibə əleyhdarı fəal və yazıçı Səməd Şıxı və jurnalist Cavid Ağa da saxlanılıb. Onların hər ikisi heç bir ittiham irəli sürülmədən azadlığa buraxılsa da, ölkədən çıxışlarına qadağa qoyulub. Oxşar hadisə son aylarda ölkədən çıxışları bağlandığını hava limanında öyrənən digər hakimiyyət tənqidçiləri ilə də baş verib.
Yoldaşlarının həbsindən və saxlanmasından sonra ölkədə qalan azsaylı fəallar narahat olmağa başlayıb. Azərbaycanda müxalifəti dəstəkləmək və ya korrupsiyanı araşdırmaq çoxdan təhlükəli hal alıb, lakin Ermənistanla sülh tərəfdarlarına hakimiyyət əvvəllər toxunmayıb.
Səmədov əmin idi ki, açıq-aşkar “risk qruplarına” düşməz - o, çoxdandır ki, xaricdə yaşayırdı və valideynləri olmadığına görə Bakıya ən yaxın qohumu olan nənəsinin yanına gəlirdi.
O, əmin idi ki, hakimiyyət üçün maraq kəsb etmır və Bakıda onun üçün heç bir təhlükə yoxdur, sülhməramlı təşəbbüslərin təşkilatçısı, Səmədovun dostu, tarixçi Altay Göyüşov xatırlayır.
Göyüşov beynəlxalq münasibətlər üzrə alim Viqen Çeteryanla birlikdə Qarabağ münaqişəsi və iki ölkə arasındakı münasibətlər tarixində millətçilik miflərini dəf etməyə çalışan “Araz” təşəbbüsünün yaradıcıları sırasında olub. Onlar yazırdılar ki, həm Ermənistanda, həm də Azərbaycanda tarixin öyrənilməsi “kütləvi zorakılığa haqq qazandırmaq üçün siyasi ideologiyaya […] çevrilmişdi”.
Şəklin mənbəyi,Tass
Şəklin alt yazısı,1980-ci illərin sonlarında hər iki ölkədə kütləvi millətçi mitinqlər keçirildi.O vaxtdan bəri barışıq heç vaxt populyar bir fikir olmayıb
Səmədov 2024-cü ilin iyununda Böyük Britaniyanın Mançester şəhərində keçirilən “Araz”ın seminarında məruzə ilə çıxış edib. Bakıya qayıdan kimi o, həbs edilib. Bundan sonra Azərbaycan mətbuatında onun vətən xaini kimi qələmə verildiyi, Qərb fondlarının təşkil etdiyi sülhməramlı təşəbbüslərin pisləndiyi, müharibə əleyhdarının isə təxribatçı adlandırıldığı silsilə yazılar dərc olundu.
“Biz az idik deyə çox da diqqəti cəlb emirdik və buna görə də bizi rahat qoyurdular, - Göyüşov sülh uğrunda mübarizə aparan yaşlı nəsil haqqında deyir. - "Ancaq bir şey ki, əsas cərəyana çevrilir, hakimiyyət həmin anda ondan asılı olmayaraq yaranan hər şeyi məhv etməyə başlayır".
2020-ci ilin İkinci Qarabağ Müharibəsi və ondan sonrakı eskalasiyalar zamanı azərbaycanlı fəalların yeni nəsli özünü sosial şəbəkələrdə, o cümlədən ingilis dilində, özünü bərk səslə tanıdıb.
Onlar gənc ermənilərlə sıx əlaqə saxlayırdılar: podkastlarda və Instagramda canlı yayımda birlikdə iştirak edirdilər, X-də (“Twitter”) mübahisə edir və bir-biri ilə razılaşırdılar, seminarlarda çıxış edir, elmi məcmuələrdə və KİV-də birgə məqalələr dərc edirdilər.
İki cəmiyyət arasında dialoqa həsr olunmuş bir neçə platforma yaranmışdı - Bright Garden Voices, CaucasusTalks, Imagine Dialogue və s. Bütün bunlar hakimiyyətin diqqətini tək Bəhruz Səmədova deyil, digər fəallara və müstəqil jurnalistlərə də cəlb edib.
Vyanadakı Mərkəzi Avropa Universitetində Osmanlı imperiyasını araşdıran erməni əsilli alim Flora Ğazaryan-Abdin sülhməramlı layihələrdə iştirak edib. O deyir ki, Səmədovun həbsindən sonra azərbaycanlı iştirakçıları təhlükə altına qoymamaq üçün görüşlər, müzakirələr müvəqqəti olaraq dayandırılıb.
“Erməni ilə yazılan məqalənin həmmüəllifi olmaq lazımdır, yoxsa sadəcə ünsiyyət kifayətdir, yoxsa avropalıların təşkil etdiyi tədbirin iştirakçısı olmalısan?” - o, “oyunun yeni qaydalarını” təsvir etməyə çalışır.
Kağız üzərində sülh və ölü it
Şəklin mənbəyi,Dolma Diaries
Şəklin alt yazısı,"Dolma Gündəlikləri" adlı komediya seriyası pasifizmə yeni, darıxdırıcı olmayan bir yanaşma cəhdi idi
Gənclər azadlıqları və təhlükəsizliklərinə təhdidlərlə yanaşı, cəmiyyət tərəfindən maraq hiss etmədikləri və bürokratiyadan bezdikləri üçün pasifist təşəbbüsləri tərk edirlər.
Nərminə (təhlükəsizlik məqsədilə adı dəyişdirilib) 15 il Azərbaycan tərəfində sülhməramlı layihələrdə iştirak edib, lakin Bəhruz Səmədovun həbsindən sonra onları tərk edib. Bu xəbər qeyri-hökumət təşkilatlarında işləməkdən yaranan məyusluqla üst-üstə düşüb. Bu təşkilatların qrantlardan və donorlardan asılılığı səbəbindən, bəzən hesabat vermək əsas işdən daha çox vaxt tələb edir.
“Bu risklərin heç olmasa hansısa bir mənası olsaydı, risk etmək olardı, ancaq sadəcə sənədlərlə məşğul olmaq naminə vətən xaini kimi məhkum olunmaq – bu, rasional deyil. Bizim işimiz donorlar üçün qızğın fəaliyyət nümayiş etdirmək idi və bunu onlar da bilirdilər”, - Nərminə deyir.
Bu mühitdə çoxları etiraf edir ki, sülhməramlı təşəbbüslər ictimai tələbata deyil, Avropa təsisatlarının qrantlarına əsaslanırdı.
Almaniyadan olan fəal Oliver Münster bunu dəyişmək və sülhməramlılığı əyləncəli və cəlbedici etmək istəyirdi. O, dəyirmi masalar keçirmək əvəzinə, Berlində eyni mənzildə yaşamağa məcbur olan Azərbaycan və Ermənistandan olan tələbələrdən bəhs edən “Dolma gündəlikləri” komediya serialını yaradıb.
Münster belə qənaətə gəlib ki, hər iki ölkədə insanlar sülh istəyir: “Çünki alternativ Ermənistanda dağıdıcı ola bilər. Azərbaycanda isə Qarabağın acı yarası sağalıb”.
Lakin alman fəal onu da aşkar edib ki, bu haqda açıq danışmaq da çox çətindir. Azərbaycanda hakimiyyəti tənqid edənlər həbsə məruz qalmaq təhlükəsi ilə üzləşə bilərsə, Ermənistanda ictimai təzyiqlə üzləşirlər.
“Sülh sözü bir çox ermənilər üçün mənfi məna kəsb edir, çünki bu, İlham Əliyevin sülh hökmünü qəbul etməklə uyğunlaşdırılır, - Münster deyir. Sülh haqqında öz fikirlərini açıq şəkildə ifadə edən fəallar ən azı sadəlövhlüyə, ən pis halda isə Azərbaycanın planlarına kömək etməyə görə ictimai və hətta şəxsi neqativ reaksiyalarla üzləşə bilərlər”.
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinin əvvəllərində Dağlıq Qarabağ məsələsində güzəştə getməkdən imtina edib, onun müdafiə naziri isə daha çox Azərbaycan ərazisini işğal etməklə hədələyib.
Lakin 2020-ci ildə məğlubiyyətdən sonra Paşinyan kursunu dəyişib, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və “sülh gündəmi” elan edib. İndi o, Bakı ilə o qədər tez sülh sazişinin imzalanmasını istəyir ki, Qarabağ erməniləri üçün nə muxtariyyət, nə də hətta öz evlərinə qayıtmaq hüququna nail olmağa çalışır.
Lakin Paşinyanın “sülh gündəmində” onun və tərəfdaşlarının müharibəyə üstünlük verdiyi dövrdə sülh kampaniyası aparanlara yer yoxdur. Onilliklərlə azərbaycanlılarla görüşən və birgə platforma hazırlamağa çalışan fəallar təcrid olunmuş vəziyyətdə qalırlar.
Baş nazir vaxtaşırı vətəndaş cəmiyyətinin nümayəndələri ilə qeyri-rəsmi görüşlər təşkil edir. Onlarda əsasən hakimiyyətə sadiq ekspertlər iştirak edir və müstəqil fəallar ora nadir hallarda dəvət olunurlar.
Erməni və azərbaycanlı fəallar arasında Georgi Vanyan fərqli mövqedə dayanırdı. O, bağlı qapılar arxasında görüşlər əvəzinə sülhyaradıclığın tamamilə şəffaf olması prinsipini təklif edirdi.
Şəklin mənbəyi,YouTube/Daha Yaxşı
Şəklin alt yazısı,Georgi Vanyan bütün həyatı boyu sülh yaradıcı layihələrdə iştirak edib
Vanyan Ermənistanda Azərbaycan filmləri festivalını keçirməyə cəhd edib, daha sonra Gürcüstanın Ermənistan və Azərbaycan sərhədlərinin bir neçə kilometrliyində yerləşən Tekali kəndində iki ölkə vətəndaşları arasında görüşlər təşkil etmişdi. O, ictimai təqiblərlə üzləşdi və buna görə Yerevandan dağ kəndinə köçüb və orada avtobus sürücüsü işləyirdi.
İkinci Qarabağ müharibəsi zamanı Vanyan Paşinyan hökumətini Azərbaycanla güzəştə getməyə və dialoqa çağırıb. Bu çağırışlara görə polis onu cərimələyib. Daha əvvəl naməlum şəxslər onun itini öldürüb. Fəal 2021-ci ildə Tbilisi xəstəxanasında koronavirusdan vəfat edib.
“Demək olar ki, onun olduğunu heç kim bilmirdi və tanıyanlar onu şəhər dəlisi hesab edirdilər”, - adının çəkilməsini istəməyən fəal Vanyanı xatırlayır.
Hətta erməni pasifistlərinin hamısının Vanyanın fəaliyyəti haqqında xəbəri olmayıb. Flora Ğazaryan-Abdin etiraf edir ki, onun haqqında ilk dəfə 2020-ci il müharibəsi zamanı, sülh çağırışlarına görə polisin ona baş çəkdiyi zaman eşitmişdi.
“Məcburi sülh prosesi”
"Xeyli vaxt münaqişə tərəfləri arasında belə bir anlayış var idi ki, liderlər razılığa gəlməlidirlər və sonra QHT-lər gəlib bunu ictimaiyyətə satacaqlar", - Royal Chatham House İnstitutunun əməkdaşı, Londonda Beynəlxalq Əlaqələr və Ermənistan-Azərbaycan münaqişəsi haqqında kitabın müəllifi Laurence Broers deyir.
Onun sözlərinə görə, sülh prosesi, Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə aparılan danışıqlar həmişə qeyri-şəffaf olub. 2020-ci il müharibəsindən sonra cəmiyyətdə müzakirə imkanı var idi, lakin Azərbaycanda son həbslərdən sonra bu, yenidən yoxa çıxdı, Broers deyir. O, indi baş verənləri bütün cəmiyyətin deyil, elitanın maraqlarına xidmət edən məcburi sülh prosesi adlandırır.
“Bu prosesdən irəli gələn istənilən razılaşma Ermənistan-Azərbaycan münasibətlərinin daha geniş transformasiyaları daxilində deyil, səthi və kövrək olacaq”, - ekspert deyir.
ABŞ-da prezident seçkilərində diqqətini daxili problemlərə cəmləyəcəyini vəd edən Donald Trumpın qələbəsi fonunda da sülh perspektivləri etibarsız görünür. 2020-ci ildə Qarabağda ikinci müharibə Trumpın birinci dövrünə təsadüf etmişdi və ABŞ münaqişədən kənarda qalıb. Atəşkəs razılaşmasını Rusiya lideri Vladimir Putin hazırlanıb və onu Rusiya sülhməramlılarının Qarabağa daxil edilməsi ilə təsbit edib.
Joe Biden administrasiyası hətta Ukraynadakı müharibəyə baxmayaraq, Ermənistanla Azərbaycan arasında diplomatiyaya daha fəal qoşulmağa çalışırdı. Dövlət katibi Antony Blinken sülh müqaviləsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri arasında görüşlər təşkil edib.
Şəklin mənbəyi,Tass
Şəklin alt yazısı,Hələ 1989-cu ildə ermənilərlə azərbaycanlılar bir yerdə yaşayırdılar. Fotoda soldan sağa sovxoz işçiləri Fərman Nəcəfov və Mher Vardazaryandır
Amerikanın təcridçiliyə doğru mümkün dönüşü digər postsovet ölkə paytaxtlarında da, o cümlədən Kiyevdə liderləri narahat edir. Berlindəki Müstəqil Sosial Araşdırmalar Mərkəzinin sosioloqu Sergey Rumyantsev hesab edir ki, bu, Rusiya-Ukrayna müharibəsi ilə Qarabağ münaqişəsi arasında yeganə paralellik deyil.
"Ukraynada müharibənin başlaması ilə sülh ideyası və ona nail olmaq üçün kompromis axtarışı son dərəcə qeyri-populyar oldu, hər hansı sülh çağırışı isə Putinin mövqeyinə dəstək kimi qeyd olunur", - sosioloq Ukrayna cəmiyyətində əhval-ruhiyyələrlə bağlı deyir. Sülhə nail olmaq üçün yeganə üsul kimi müharibə və döyüş meydanında qələbə sövq etdirilir.
Ancaq Rumyantsev hesab edir ki, müharibə heç də sülhün müqəddiməsi deyil.
"Sülhə nail olmaq həmişə çox iş və əzm tələb edir və bu işin böyük bir hissəsi müharibənin vurduğu travmaların dəf edilməsindən ibarətdir", - o deyir.