Futbol üzrə Türkiyə millisinin iki üzvü – Çağlar Söyüncü və Ferdi Kadıoğlu zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Çağlar Söyüncü “Fənərbaxça”nın heyətində Türkiyə Super Liqasının 12-ci turu çərçivəsində qarşılaşdıqları “Sivasspor”la matçda zədələnib. 28 yaşlı müdafiəçi bu səbəbdən bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.
İngiltərənin “Brayton” klubunda çıxış edən Ferdi Kadıoğlu da eyni səbəbdən Türkiyə millisinin heyətində çıxarılıb. O da zədəyə görə Uels və Monteneqro ilə UEFA Millətlər Liqasının matçlarını buraxacaq.
Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella bu iki oyunçunun əvəzində yığmaya yeni oyunçular dəvət edib. İtaliyalı mütəxəssis Almaniyanın “Frayburq” klubundan Eren Dinkci ilə U-21-dən Yasin Özcanı (“Kasımpaşa”) əsas yığmaya çağırıb.
Qeyd edək ki, Türkiyə yığması noyabrın 16-da Uels milli komandasını qəbul edəcək. Bundan üç gün sonra isə “ay-ulduzlular”ı Monteneqro ilə səfər oyunu gözləyir.
Yeri gəlmişkən, Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella vəzifəsini tərk edə bilər. İtaliyanın “Corriere dello Sport” nəşrinin iddiasına görə, “Roma” 50 yaşlı italiyalı mütəxəssislə maraqlanır.
Türkiyə Futbol Federasiyası (TFF) ilə 2026-cı ilə qədər sözləşməsi olan Montellanın müqaviləsində sərbəst qalma maddəsi var. Paytaxt təmsilçisinin də məhz bu maddədən yararlanmaq istədiyi bildirilir. Müqaviləyə əsasən, mütəxəssisin razılığı olduğu təqdirdə, 6 aylıq maaşını TFF-yə ödəməklə sərbəst buraxılması mümkündür.
Qeyd edək ki, “Roma” bir neçə gün öncə baş məşqçisi İvan Yuriçlə yollarını ayırıb. “Canavarlar” hazırda yeni baş məşqçi axtarışındadır.
Xatırladaq ki, Montella məşqçiliyə məhz vaxtilə futbolçu kimi də şərəfini qoruduğu “Roma”da başlayıb. O, sonralar “Kataniya”, “Fiorentina”, “Sampdoriya”, “Milan”, “Sevilya”, “Adana Dəmirspor” kimi komandalara rəhbərlik edib. 2023-cü ildən isə 50 yaşlı mütəxəssis Türkiyə millisini çalışdırır.