Dünya futbolunun canlı əfsanəsi, Braziliya millisinin sabiq yarımmüdafiəçisi Ronaldinyo bu gün Azərbaycana səfərə gəlib.
Arena.az xəbər verir ki, o, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya təşrif buyurub.
Ronaldinyonu hava limanında idman ictimaiyyəti, rəsmi şəxslər və media mənsubları qarşılayıblar. Onun qarşıdakı günlərdə bir sıra rəsmi tədbirlərə qatılması gözlənilir.
Xatırladaq ki, Ronaldinyo 2018-ci ilin yanvarında peşəkar karyerasına xitam verib. Veteran futbolçu 1999-cu ilin iyununda debüt etdiyi Braziliya millisinin heyətində 97 oyuna çıxıb. O, bu oyunlarda 33 qol vurub, 29 məhsuldar ötürmə verib. “Roni” Braziliya millisi ilə 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatını qazanıb.
44 yaşlı veteran futbolçu vaxtilə Avropanın futbol meydanlarında “Milan”, PSJ və “Barselona”nın heyətində fantastik futbolu ilə yadda qalıb. O, “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klublarda da forma geyinib.
Braziliyalı keçmiş futbolçu xüsusilə “Barselona”nın heyətində çoxlu titullar qazanıb. O, 2003-2008-ci illər aralığında formasını geyindiyi Kataloniya təmsilçisində 207 oyuna 94 qol vurub. Keçmiş yarımmüdafiəçi bu komanda ilə UEFA Çempionlar Liqasının (2), İspaniya La Liqasının (2), İspaniya Super Kubokunun (2) qalibi olub. O, özü də həmin dövrdə 2 dəfə ilin ən yaxşı futbolçusu elan edilib.
Ronaldinyo “Qızıl top”un qalibi (2005) olub, həmçinin 2004-cü və 2005-ci illərdə FIFA-ya görə dünyanın ən yaxşı futbolçusu seçilib.