AZ

“COP29 karbon daxilolma sisteminin qurulması ilə bağlı əməkdaşlıq üçün mükəmməl fürsətdir”

COP29 karbon daxilolma sisteminin qurulması ilə bağlı əməkdaşlıq üçün mükəmməl bir imkandır.

İNFOAZ xəbər verir ki, bunu Çinin Tayxu gölü (Usi şəhəri) üzərində yerləşən Yaşıl İnkişaf və Karbon Daxilolma Mərkəzinin direktoru Lyu Dzefen (Liu Zefeng) “Çin İnvestisiya Assosiasiyası: sıfır karbon təsviri” mövzusunda keçirilən panel müzakirədə bildirib.

“COP29 üç əsas istiqamətdə birgə fəaliyyətin müzakirəsi üçün unikaldır: karbon daxilolma sisteminin yaradılması, könüllü emissiya azaldılması üçün regional bazarların inkişafı və kadr mübadiləsi. Məqsədimiz ekoloji sivilizasiyanı inkişaf etdirmək və insanların təbiətlə harmoniyada yaşamasına yardımçı olmaqdır”, – o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
19
45
infoaz.ws

10Mənbələr