“Real”ın keçmiş çalışdırıcısı, braziliyalı məşhur mütəxəssis Vanderley Luşemburqo Vinisius Junioru pis davranışda ittiham edib.
Arena.az “Benja Me Mucho” dərgisinə istinadən məlumat verir ki, braziliyalı mütəxəssis “qaymaqlılar”ın heyətində çıxış edən ulduz həmyerlisinin meydandakı davranışında xoş bir xüsus görmür:
“Mən düşünürəm ki, Vinisius qarşılaşdığı mənfiliklərin çoxunu təhrik edir. Etməməli olduğu xüsusları edir. “Vini” ayağından zərbə alır, sonra ayağa qalxıb rəqibinə hücum edir ki, sanki futbolda ayağından zərbə almaq olmaz. Təsəvvür edin, Pele və Ziko nə qədər zərbələr “yeyiblər”. “Vini” ayaqlarına zərbə alanda əsəbiləşir və sonra dərisinin rəngi ilə əlaqəsi varmış kimi səslənir”, deyə Luşemburqo vurğulayıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 17 oyuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 281 oyun, 95 qol, 82 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 35 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.