AZ

“Vacibdir ki, ilk dəqiqələrdən hesabı açaq” – Arif Əsədov

UEFA Millətlər Liqasının C liqasının 1-ci qrupunda mübarizə aparan milli komandamız növbəti matçını Estoniyaya qarşı keçirəcək.

Yığmamız hazırda 4 turdan sonra aktivində 0 xal ilə qrup sonuncusudur. Görəsən, Fernando Santuşun rəhbərliyi altındakı kollektivin bu görüşdən qələbəylə ayrılmaq ehtimalı nə dərəcədə realdır?

Təcrübəli mütəxəssis Arif Əsədov “FutbolPress”ə açıqlamasında sözügedən qarşılaşma haqqında fikirlərini söylədi:

“Bizi çox vacib bir oyun gözləyir. Çünki, bu matçı sonuncu pillədən qurtulmaq kimi də qiymətləndirmək olar. Bu baxımdan qələbədən ziyadə millimiz üçün hesab fərqi də önəmli olacaq. Rəqibi üstələmək üçün ən azı 3 qol vurmalıyıq. Ona görə də gərgin və məsuliyyətli bir qarşılaşmaya şahidlik edəcəyik. Amma millimizin qələbə qazanacağını düşünürəm. Baxmyaraq ki, heyətdə bir sıra problemlər var. Xüsusən də son dönəmlərdə Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra qapıçılarla bağlı stabillik olmaması bu qəbildən olan problemlərdəndi. Həmçinin hücumçu mövqeyində çıxış edən Mahir Emrelinin bu görüşdə cəzalı və Renat Dadaşovun zədəli olması problemlər yaradır. Fəqət bütün bunlara baxmayaraq, evdə oynayacayıq. Düşünürəm ki, futbolçularımız da bu matçın əhəmiyyətini dərk edir”.

Uzun illər milli komandada köməkçi məşqçi vəzifəsində çalışmış Əsədov qələbə qazanmaq üçün ilk dəqiqələrdən irəli atılmağın önəmli olduğunu bildirdi:

“Matçda vacibdir ki, ilk dəqiqələrdən hesabı açaq. Çünki, rəqib müdafiədən çıxış edəcək və əks-hücumlarımız zamanı qapanacaq. Bu da bizim üçün çətinlik yarada bilər. Ancaq tez bir zamanda qol vurmaqla rəqibi irəli çıxartmaq olar ki, daha çox boşluqlar əldə edək. Uğurlar arzulayıram. Ümid edirəm ki, estonların üzərində qələbə qazanmaqla, növbəti rəqibimiz İsveçlə matç öncəsi də bir stimul qazanmış olarıq”.

Seçilən
34
futbolpress.az

1Mənbələr