AZ

İranla Ermənistan arasında RƏQABƏT: Azərbaycanla “strateji saziş” ideyasına səs verilərsə…

“Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı bildirib ki, İrəvan və Bakı sülh müqaviləsi ilə yanaşı, strateji saziş də imzamalıdır. Paşinyan strateji sazişin imzalanmasını yaxın əsrlərdə xalqların dinc yanaşı yaşamasının vacib olması ilə əsaslandırıb”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, N.Paşinyan ayrıca olaraq, Kazanda BRICS toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü indiyənə qədər keçirilən ən faydalı müzakirə kimi qiymətləndirib.

Politoloqun sözlərinə görə, N.Paşinyan Ermənistanın kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərdiyini də qeyd edib: “Eməni baş nazir söyləyib ki, rəsmi İrəvan regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilər. Paşinyan iki xalqın dinc yaşaması məqsədilə strateji sazişin imzalanmasının vacib olduğunu vurğulasa da, ona müxalif olan qüvvələr, o cümlədən erməni kilsəsi bunu istəyirmi? Paşinyan birinci bu suala cavab tapmalıdır. Çünki Ermənistandakı anti-Azərbaycan qüvvələr bir gün Paşinyanı devirərlərsə və ya seçki yolu ilə hakimiyyətə gələrlərsə, iki ölkə arasında dinc yaşamanı əsas tutan sazişə qarşı çıxacaqlar. Ona görə də Ermənistanda konstitusiyanın dəyişdirilməsi ilə yanaşı, Azərbaycanla strateji sazişin imzalanmasıyla bağlı da referenduma ehtiyac yarana bilər”.

E.Şahinoğlu deyib ki, ermənilərin mütləq əksəriyyəti N.Paşinyanın Azərbaycanla “strateji saziş” ideyasına səs verərlərsə, bu halda müxalifət əngəli ortadan qaldırılacaq: “Paşinyanın regional kommunikasiyaların açılması məsələsinə gəldikdə isə, baş nazirin tələsməsinin səbəbi İranla bağlıdır. Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran üzərindən tikintisinə dair çalışmalar sürətlənib. Paşinyan Zəngəzur dəhlizinin açılmasıyla bağlı Bakı ilə razılaşmanı bir müddət də uzatsa, yeni yol İrandan keçəcək və Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Buna görə də hazırda rəqabət İranla Ermənistan arasında gedir. Azərbaycan üçün bu rəqabətdə hansı ölkənin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir”.

Turan ORUC

Seçilən
43
4
medianews.az

7Mənbələr