AZ

Bakı təmiz gələcəyin maliyyə təminatını gündəmə gətirib

COP29 Dünya Liderləri Sammiti çərçivəsində “İqlim maliyyələşdirməsi imkanları – dayanıqlı gələcək üçün həlledici məqam və dönüş nöqtəsi” mövzusunda keçirilən yüksək səviyyəli “dəyirmi masa”da Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev çıxış edərək iqlim maliyyələşdirilməsi mövzusunun əhəmiyyətini vurğulayıb və bildirib ki, hazırda 1,5 dərəcə hədəfinə nail olmaq üçün lazımi iqlim maliyyələşdirməsini bütün maraqlı tərəflərlə müzakirə etmək imkanı yaranıb: “COP29 Sədrliyi müzakirələrin uğurla yekunlaşması üçün artıq uzun müddətdən bəri bütün tərəflərlə iş aparıb. Onların bir ortaq fikrə gəlməsi üçün indi uğurlu fürsət yaranıb. Hökumətlərdən tutmuş özəl sektora kimi, eləcə də beynəlxalq maliyyə institutları ədalətli və iddialı iqlim maliyyələşməsi üçün töhfə verməlidirlər”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil çıxışında bildirib ki, müasir dünyada hər il “yaşıl” texnologiyalara ayrılan vəsaitlər artsa da, bu, iqlim dəyişikliklərinə qarşı yeganə cavab ola bilməz. Beynəlxalq ictimaiyyət dünyanın gələcəyini xilas etmək üçün kollektiv iqlim fəaliyyətlərini dəstəkləməli, “yaşıl” iqlim hədəfləri istiqamətində səyləri birləşdirməlidir. Bunun üçün qlobal maliyyə arxitekturası da yaradılmalı, yeni maliyyə resursları iqlim maliyyələşməsinə yönəldilməlidir.

Dünya Bankının prezidenti Acay Banqa və Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava çıxışlarında çoxtərəfli inkişaf banklarının ətraf mühitin mühafizəsi üçün həyata keçirdikləri proqramlar, inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişmələrinin yaratdığı fəsadlarla mübarizə üçün aparılan işlərdən danışıblar. Qeyd edilib ki, bu istiqamətdə təkcə maliyyə ayırmaq kifayət deyil, eyni zamanda, ölkələri iqlim böhranı ilə mübarizədə hərtərəfli dəstəkləmək mühüm əhəmiyyət kəsb edir.

“Dəyirmi masa”da müxtəlif ölkələrin yüksəksəviyyəli təmsilçiləri iqlim maliyyəsi ilə bağlı razılaşmanın vacibliyini vurğulayıb, emissiyaların azaldılması üçün səylərin gücləndirilməli olduğunu ifadə ediblər.

Seçilən
71
xalqqazeti.az

1Mənbələr